İnqilaba bərabər hadisə

İnqilaba bərabər hadisə

02-01-2018 02:27 / Bu xəbər 2064 dəfə oxundu

Vidadi Məmmədov

İranda Xomeyni və Xamneinin portretlərinin yandırılması inqilaba bərabər hadisədir. 

Niyə? Çünki bu iki şəxs İranın konstitusiyasına görə sıradan bir dövlət xadimi deyil. 

Bu adamlar qeyri-məhdud hakimiyyəti özündə ehtiva edən Vilayəti-fəqih statusuna malikdirlər. 

Vilayəti-fəqih nəzəriyyəsi Xomeyni tərəfindən irəli sürülüb. Məqsəd İslam hökuməti qurmaq ixtiyarına sahib olmaq hüququnu əldə etmək olub. Bu nəzəriyyəyə qədər Şiə cərəyanında (xüsusilə Cəfərilər məzhəbində, bu məzhəbdə olanlara "İsna əşərilər" də deyirlər) İslam hökuməti qurmaq hüququ Hz.Məhəmmədə və 12 İmama aid idi. 

Şiələr hesab edirdi ki, indiyə qədər əsl İslam hökuməti iki dəfə qurulub. Bunlardan birincisi Hz.Məhəmmədin Mədinədə qurduğu hökumətdir. İkincisi isə Hz.Əlinin xəlifəliyi dövrüdür. 

Növbəti İslam hökumətini isə şiələrin qeybə çəkildiyi deyilən 12-ci imamı qura bilər. Lakin Xomeyni Vilayəti-fəqih nəzəriyyəsini irəli sürərərk 12-ci imamın zühuruna qədər təqlid edilən (mərceyi təqlid) müctəhidlərdən birinin İslam hökuməti qura biləcəyini bəyan etdi və ilk Vilayəti-fəqih də özü də oldu. Onun ölümündən sonra bu status Xamneiyə keçdi. Yeri gəlmişkən, Vilayəti-fəqih fəqihlər məclisi tərəfindən seçilir.

Vilayəti-Fəqih hakimi mütləqdir. O, siyasi, iqtisadi, hərbi, hətta şəxsi məsələlərə müdaxilə edə biləcək hüquqa malikdir. İran rejimi Vilayəti-fəqih üsul-idarəsinin diktaturadan fərqli olduğunu iddia edir. 

Əsas arqument Vilayəti-fəqihin İslam hökmləri əsasında ədalətə söykənməsidir. Vilayəti-Fəqih məsumiyyət baxımından Hz.Məhəmməd və 12 İmamla eyni dərəcədə tutulmasa da, idarəçilikdə eyni hüquqa malikdir. Qısası, Vilayəti-fəqih müqəddəsata aid şəxsiyyətdir və təkcə İranın deyil dünyadakı bütün şiələrin rəhbəridir.

İndi təsəvvür edin İranda bu şəxslərin portretləri yandırılır. Bu, artıq Vilayəti-fəqih üsul-idarəsinin özünü doğrultmadığı, ədalət prinsiplərinə söykənməyərək diktaturanın başqa şəkil aldığının isbatı hesab edilə bilər. Əks təqdirdə Vilayəti-fəqihin portretini yandıranları xalq özü çıxıb parça-parça edərdi. 

Dekabrın 30-da keçirilən Xamneiyə dəstək aksiyasının sönüklüyü də göstərir ki, artıq İran xalqı İslam pərdəsi altında yürüdülən zorakı siyasətdən bezib. Məlumat üçün deyim ki, 30 dekabr İranda "Vilayətə beyət günü" hesab edilir. Məntiqlə həmin gün bütün İran ayaqda olmalı idi. Amma olmadı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.