"İnsan kimi yaşamaq qorxusu" - Xədicə İsmayıl

25-10-2016 23:35 / Bu xəbər 2408 dəfə oxundu

Xədicə İsmayıl 

Bunu hökm oxunan gün yazmışdım. Təsadüfdən, ya nədən, həmin gün kameradakı dustaqlardan tutmuş, həbsxana və məhkəmə heyətinədək, xeyli adam mənə eyni sualı vermişdi. Ötən gün Qiyasa hökm oxunanda, onu da eyni sualların gözlədiyini düşündüm. Qərara gəldim ki, paylaşım. 


Nə biçim ölkədir bu?
Soruları eyni:
- Məhbusu da sorar,
məmuru da...
Diplomlarıyla göz deşəni, 
Bir il məktəb görməyəni,
Şərlənəni,
Şərləyəni, 
Kasıblıqdan çərləyəni,
hey eyni sualla gələr üstümüzə...
Deputat görəndə qorxudan büzüşəni də
olan qalan vicdanını 
Milli Məclisdə kürsüyə dəyişəni də,
Sələmdən qazandığı pula Həccə gedəni də,
Bir tikə çörəkçün 
Fəxri xiyabanda səcdə edəni də, 
eyni şeyi soruşur...
Eyni şeyi soruşur:
Kasıbı da, varlısı da,
kəndlisi, paytaxtlısı da
Haqqı pozan, haqqı pozulan,
Quyu qazan, quyusu qazılan, 
And içdiyi kitabında
"Haqsızlığa susmaq günahdır” yazılan,
Bu ölkənin əzəni də, əziləni də 
eyni sualı verər: 
"NƏYİNƏ LAZIM?”
deyər...

Çox fərqlidir onlar:
əzabları fərqli,
qayğıları fərqli insanlar...
Fərqlidir maşınları,
evləri,
ətirlərinin qoxusu,
Onları birləşdirən yalnız.
İnsan kimi yaşamaq qorxusu...

26 oktyabr 2016-cı il