''İnsanları sıxmaq olmaz''

''İnsanları sıxmaq olmaz''

02-10-2017 20:00 / Bu xəbər 2185 dəfə oxundu

Deputatlar bahalıqdan və yüksək faizli kreditlərdən danışdılar 

Milli Məclisdə payız sessiyasının qanunvericilik işlərinin planı müzakirə edilərkən deputatlar bir sıra təkliflərlə çıxış edib. 

"Problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır”

Deputat Əli Məsimli təklif edib ki, Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. 

"Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur. Vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Bu problemi birdəfəlik həll etmək lazımdır”, deyən Ə.Məsimli əlavə edib ki, kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalıdır.

Deputat Vahid Əhmədov da bildirib ki, artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. 

"Keçən il bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə kredit verir. Gecikmiş kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm”, - V.Əhmədov deyib.  

"Bank rəhbərləri Milli Məclisə çağırsın”

V.Əhmədov bank rəhbərlərinin parlamentə çağırılaraq müzakirə aparılmasını təklif edib. 

"Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir? Vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir”, - deputat deyib. 

"Nəyə görə yağın kiloqramı 18 manata çatıb?”

Deputat  Çingiz Qənizadə də əhalinin banklardan və bahalıqdan narazı olduğunu deyib. 

"Mütləq faiz dərəcələri aşağı salınmalıdır. Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilənlərin qiymətindən bahadır?  Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? Yeddi-səkkiz ay bundan əvvəl 10 manat idi. Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər. İnsanları sıxmaq olmaz. Əgər kimsə pul qazanmaq istəyirsə, bunu halal yolla etsin. İnsanları narazı salmaq lazım deyil. Eyni zamanda ətin də qiyməti qalxıb”, - deyən deputat İqtisadiyyat Nazirliyi və Nazirlər Kabinetinin müvafiq qurumlarıan müraciət edərək, məsələyə baxılmasını istəyib. 

"Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var.  Onlar bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm müvafiq qurumlar bunu nəzərə alsınlar”, - Ç.Qənizadə deyib.

"Energetik içkilərdən qəfil ölüm halları çoxalıb”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsinin narahatlıq doğuran problem olduğunu deyib.

"Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması onu daha əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini gücləndirib”. 

Onun sözlərinə görə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. 

"Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər".

"Üzərilərinə 18+ işarəsi yazılsın”

M.Quliyev vurğulayıb ki, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər:

"Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. Üzərilərinə 18+ işarəsi yazılsın. Bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək. İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir”.