''İnsanlara medal yox, pul vermək lazımdır''

''İnsanlara medal yox, pul vermək lazımdır''

03-04-2018 18:37 / Bu xəbər 630 dəfə oxundu

Deputatlar təklifə qarşı çıxıblar

"İnsanları stimullaşçdırmaq üçün gördükləri işlərin müqabilində pul vermək lazımdır, medal yox”. 

Deputat Fazil Mustafa Milli Məclisdə "Gəmiçilik sahəsində xidmətlərə görə" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) yubiley medalının" təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı belə deyib. Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz edən deputat, bunun sovet ənənəsi olduğunu vurğulatıb:

"Keçmiş sovet ənənəsinin ən çox yaşadığı dövlət Azərbaycandır. Hesab edirəm ki, sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılması təşkil edilməlidir. Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya Müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı, Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? Yaxud da hər hansı bir qurumun yaranma günü var. Bu, o demək deyil ki, hər qurumun yaranma tarixi ilə bağlı medal təsis edilməlidir. Bu qədər pulu niyə medala sərf etməliyik? Bu ənənənin dəyişməsinin tərəfdarıyam”.

Spiker Oqtay Əsədov deputatın çıxışına reaksiya verərək bildirib ki, hər şeyi maddiyyata bağlamaq olmaz.

Deputat Siyavuş Novruzov da deyib ki, hər bir təltif insana, onun ailəsinə, gələcəyinə olan diqqətdir: "Fazil Mustafa təklif edir ki, medal əvəzinə pul verilsin. "Şöhrət" ordeninə görə nə qədər vəsait vermək lazımdır? Bunu müəyyənləşdirməyin yolu yoxdur. Dövlətin atributlarından biri olan titullar olmalıdır”.

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov da Fazil Mustafanın çıxışına reaksiya bildirib. O deyib ki, vaxtilə Bakıya qəhrəman şəhər adı verilməməsinin səbəbi SSRİ-nin əsas günahı olub və bunu da qısqanclıqdan ediblər.