İntiqam Əliyevin yeni romanı təqdim edilib

İntiqam Əliyevin yeni romanı təqdim edilib

09-09-2019 10:27 / Bu xəbər 1008 dəfə oxundu

Sentyabrın 7-də Hüquq müdafiəçisi, keçmiş məhbus İntiqam Əliyevin "Əclafın ölümü" adlı yeni romanının təqdimatı keçirilib.

Təqdimatda ölkənin bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri, vəkilllər, jurnalistlər, gənc fəallar iştirak edib. 

Onlar çıxışlarında kitab barədə öz fikrilərini bölüşüblər.

Müəllif bildirib ki, bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.

Onun sözlərinə görə əsərin mahiyyəti onun sloqanında açıqlanır - "Kitab əclaflar barədə deyil, onları yetirən sistem barədədir".

Tədbirdə çıxış edən Ənnağı Hacıbəyli deyib ki, İntiqam Əliyevi həbs etməsəydilər, həbsxanada baş verən qanunsuzluqlarla bağlı bu kitablar nəşr olunmayacaqdı.

Təqdimatda qeyd edilib ki, əsər 2015-ci ildə ağır xəstəlikdən vəfat etmiş vəkil Elton Quliyevin xatirəsinə ithaf olunub.

Həmçinin, tədbir müddətində yeni dərs ilinin başlanması ilə əlaqədar, çətin şəraitdə olan, ucqar rayon və kəndlərdə yaşayan ailələrin uşaqları üçün məktəb ləvazimatları, kitab kampaniyası təşkil olunub.

Bu, İntiqam Əliyevin ikinci romanıdır. "Meydan" adlı ilk romanı 2018-ci ildə nəşr edilib.

Xatırlatma

İntiqam Əliyev 2014-cü il avqustun 8-də iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. O, 7,5 il həbs cəzası alıb. İ.Əliyev bütün ittihamları təkzib edib və onları siyasi motivli adlandırıb.

Amnesty İnternational İ. Əliyevi "vicdan məhbusu" kimi tanıyıb.
O, yerli hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı siyahısında da yer alıb. İ. Əliyev 2016-cı ilin martında şərti azadlığa buraxılıb.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, cəzalandırılıblar.

azadliq.org