"İnzibati resurslardan İlham Əliyevin xeyrinə istifadə edilib" - D18 Hərəkatı

12-04-2018 15:11 / Bu xəbər 2590 dəfə oxundu

D18 Hərəkatı 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. 

Hərəkat seçkin nəticələrini tanımadığını bəyan edib: "11 aprel 2018-ci ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri sərbəst toplaşma və ifadə azadlığının pozulduğu, həmçinin 150-dən çox siyasi məhbusun olduğu, Vətəndaş Cəmiyyətinin sıradan çıxarıldığı, seçkilərin yalnız bir şəxsin siyasi iradəsi və diqtəsi əsasında baş tutması, habelə müxalifətin bu seçkini boykot etməsi və s. kimi ağır bir mühitdə keçirildi".

"Hakimiyyətin Seçki Məcəlləsinə etdiyi dəyişikliklər, MSK, DSK və Məntəqə seçki komissiyalarında müxalifətin təmsil olunmaması, 2016-cı il referendum seçkilərində Konustitusiyaya edilən dəyişiklik hakimiyyətin demokratik seçki keçirməmək niyyətini aydın göstərirdi", - bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, 11 aprel seçkiləri beynəlxalq standartlara cavab verməyib və kütləvi pozuntularla yadda qalıb: 

"D18 Hərəkatının və müstəqil müşahidəçilərin apardığı müşahidələr göstərir ki, hakimiyyət bu dəfə də Seçki Məcəlləsinin və beynəlxalq hüquqların tələblərinə zidd olaraq inzibati resurslardan İlham Əliyevin xeyrinə istifadə edib. Hərəkat üzvləri seçkiləri müşahidə edərkən, aşağıdakı saxtakarlıqları müəyyən ediblər: 
- Müşahidəçilərin seçicilərin şəxsiyyət vəsiqəsinə baxıb, onların ünvanlarını müəyyən etməsinə imkan verilməyib.
- Seçki komissiyalarının əksəriyyətində seçki bülletenlərinin nömrə yazılmış yuxarı sol küncünün qabaqcadan kəsilmiş halda olduğu aşkarlanıb.
- Müşahidə kameralarından da aydın görünür ki, Seçki Məcəlləsinə zidd olaraq seçicilər qutuya eyni vaxtda topa bülletenlər salırlar. 
- Bir seçicinin bir neçə seçicinin yerinə səs verdiyi hallar müşahidə edilib.
- Məntəqə seçki komissiyası üzvləri tərəfindən eyni adamlara təkrar-təkrar seçki bülletenləri verilib və onların səsverməsinə şərait yaradılıb. 
- Seçki məntəqələrində media nümayəndələrinə təzyiq edilib.
- Bir çox məntəqələrdə müşahidəçilərin seçki saxtakarlığını müəyyən edib çəkiliş aparılmasının qarşısı alınıb.

Bütün bunları nəzərə alaraq, hesab edirik ki, 11 aprel seçkiləri beynəlxalq standartlara cavab verməyib və kütləvi pozuntularla yadda qalıb. 

Bu seçkilərlə hakimiyyət növbəti dəfə ölkəmizdə Cümhuriyyət dəyərlərini məhv edərək antidemokratik bir sistem qurduğunu göstərdi.

Ona görə də biz, D18 Hərəkatı olaraq, bəyan edirik ki, 11 aprel prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etmir və qeyri-legitimdir".