İqtisadçı "Azərsu"yu tənqid etdi

İqtisadçı

18-07-2019 16:14 / Bu xəbər 1137 dəfə oxundu

Rövşən Ağayev: "Xidmətlər bazarında monopol olan, pis xidmət göstərəcəyi halda tenderin nəticələri ləğv olunaraq başqa şirkətə keçəcəyindən qorxusu olmayan və siar ciddi sorunları olan bir şirkət heç vaxt keyfiyyətli xidmət göstərə bilməz” 

Artıq iki gündür Xırdalan şəhərində əhaliyə içməli su verilmir. 

Jamaz.info xəbər verir ki, bununla bağlı sakinlərin etdiyi şikayətə də əhəmiyyət verən yoxdur. "Azərsu” ASC isə açıqlama verib ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq daha bir gün şəhərdə su olmayacaq.

Tanınmış iqtisadçı Rövşən Ağayev "Azərsu”nun bu qədər arxayın yanaşması ilə bağlı maraqlı çıxış edib. 

O özünün Facebook hesabında bununla bağlı yazıb ki, "Azərsu"nun Xırdalanda 2 gündür su olması vecinə deyil: "Zatən, bu şirkətdən keyfiyyətli xidmət heç vaxt gözləmirəm. Çünki korporativ idarəçiliyin olmadığı, xidmətlər bazarında monopol olan, pis xidmət göstərəcəyi halda tenderin nəticələri ləğv olunaraq başqa şirkətə keçəcəyindən qorxusu olmayan, şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıqla bağlı ciddi sorunları olan, dövlətdən istədiyi vaxt istədiyi qədər maliyyə alan (ya da onun zəmanətilə böyük kreditlər götürən) bir şirkət heç vaxt keyfiyyətli xidmət göstərə bilməz”.

Onun sözlərinə görə, su paylaşdırma şəbəkəsi bir çox Qərb ölkələrində olduğu kimi ya tender əsasında peşəkar, keyfiyyətli xidmətlə bağlı dövlət və cəmiyyət qarşısında sərt öhdəliklər götürən özəl operatora verilməli idi: "Ya da Türkiyə modelində olduğu kimi yüksək ictimai nəzarət və kollektiv idarəçiliyin təmin edildiyi bələdiyyə şirkətlərinin sərəncamında qalmalı idi”.

Rövşən Ağayev yazır ki, ən maraqlısı şirkətin müştəri ilə normal kommunikasiya qurmağı belə bacarmamasıdır: ""955 Çağrı Mərkəzi"nə zəng etmişəm, 25-ci adam kimi qeydə alıblar, telefonun dəstəyini 15 dəqiqəyə yaxın qulağımda saxlayandan sonra növbə mənə çatıb. Və daha maraqlısı. Hər dəfə mənə növbəmin neçənci olduğunu xatırladan "avtocavab"da bir müddət xəbərdarlığın əvvəli öz dilimizdə, sonu isə ingilis dilində gəlirdi. Məsələn, belə: "Sizin növbəniz thirteen". Növbə 10-dan aşağı düşəndən sonra bütün cavablar azərbaycan dilinə keçdi və narahatlığın aradan qalxdığını düşünmək istəyirdim ki, xanım əməkdaş dedi ki, bu gün də su olmayacaq”.