İqtisadçı: Elektrik enerjisinin, təbii qazın qiymətləri qalxa bilər

İqtisadçı: Elektrik enerjisinin, təbii qazın qiymətləri qalxa bilər

24-06-2019 15:37 / Bu xəbər 1224 dəfə oxundu

''Bahalaşmadan bahalaşma törəyəcək''

"Böyük bahalaşma çox aktuallaşıb. İdxal malları əmtəə bazarlarında 15 faizdən çox bahalaşma yaradıb. Daxili bazarlara yerli mal təklifi 13 faizə qədər azalıb. Yerli malların 5 aylıq ticarətindən itkilər 2,7 milyard manata yüksəlib”.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, sentyabrın 1-dən əməkhaqlarına gözlənilən artımlar böyük bahalaşmanı gündəmə gətirib. 

Yerli istehsalda yaşanan problemlər isə bahalaşmanı daha da aktuallaşdırıb. Hətta elektrik enerjisinin, təbii qazın qiymətləri də qalxa bilər:

"Çünki bu məhsulların maya dəyərinin ölkədaxili satış qiymətlərindən yüksək olmasını bəhanə tutub dövlət büdcəsindən milyonlarla qrant, subsidiya çəkən Dövlət Neft Şirkəti qiymətləri dövlət tərəfindən tənzimlənən bu məhsulların qiymət artımı üçün əvvəlcədən zəmin hazırlaya bilib. Əməkhaqqı artımları hesabına dövriyyədə çoxalacaq nağd pul kütləsi bu zəmini çox cəlbedici edəcək”.

İqtisadçı deyir ki, artıq idxal malları 31 faizədək bahalaşıb. Bu ilin yanvar-may aylarında idxal 51,3 faiz və ya 2 milyard dollar (3,4 milyard manat) artıb:

"Bu artımın 62 faizə qədəri və ya 2,1 milyard manatı bahalaşma hesabınadır. Hələ yalnız idxalın yaratdığı bu dalğa, ötən ilə nəzərən, əmtəə bazarlarını 15%-dən çox (2,1:13,7∙100≈15,3%), istehlak bazarlarını isə 12%-dən çox (2,1:17,4∙100≈12,1%) bahalaşdırıb (13,7 və 17,4 uyğun olaraq əmtəə və istehlak bazarlarının ötənilki 5 aylıq həcmidir, milyard manatla ifadə olunub). Bu bahalaşma dalğası özlüyündə ümumi alıcılıq qabiliyyətinə yüksək səviyyədə mənfi təsir göstərir”.

N.Əliyev bildirir ki, yerli istehsalda inkişafa nail olmaqla daxili bazarlara əlavə mal kütləsi çıxarıla bilsəydi, ümumi bahalaşma səviyyəsini aşağı salmaq mümkün olardı. Lakin bu varianta ümid bəsləməyə dəyməz. Bununla belə, bu imkanın hansı səviyyədə olmasını aydınlaşdırmağa çalışaq. Ötən ilin 5 aylıq ticarət strukturunda xarici mallar 48%, yerli mallar isə 52% təşkil edib və rəsmi açıqlamalara görə ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-may dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin real həcmi 2,8 faiz, o cümlədən idxalın real həcmi 19,5 faiz artıb (idxala aid göstərici bu ilin yanvar-aprel dövrünə aiddir, belə hesab olunub ki, bu nisbi göstərici yanvar-may dövründə çox dəyişikliyə məruz qalmayıb). Belə şərtlər altında yerli malların real ticarət dövriyyəsinin necə dəyişməsi sualına cavab vermək üçün aşağıdakı sadə tənliyi qurub həll etməklə X dəyişəninin qiymətini hesablamaq lazımdır:(0,48 ∙ 19,5 + 0,52 ∙ X = 2,8; X = -12,6)”.

İqtisadçı deyir ki, belə olan halda, daxili bazarlara çıxarılan yerli malların kütləsi və ya fiziki həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar-aprel aylarında 12,6 faiz azalıb:

"Başqa sözlə desək, daxili bazarlara natura şəklində yerli mal təklifi əhəmiyyətli dərəcədə aşağı düşüb. Amma yerli istehsalçıların daxili ticarətdən itkiləri daha böyükdür. Ümumi ticarət dövriyyəsinin 5 aylıq həcmi bu il 14,3 milyard manat təşkil edib və burada yerli malların payı 31 faiz olub. Deməli, yerli malların 4 aylıq ticarəti vur-tut 4,6 milyard manatdır (14,3∙31∶100 ≈4,4 milyard manat). Halbuki, ötən il bu sonuncu göstərici 7,1 milyard manat olmuşdu. Beləliklə, məlum olur ki, yerli malların daxili ticarətdən gəlirləri 2,7 milyard manat və ya 38 faiz azalıb”.

Nemət Əliyev
Mənbə: google.az

N.Əliyev sual edir: 5 aylıq ticarətdən 2,7 milyard manat gəlir itkisinə uğramış yerli sahibkarlar (müəssisə və təşkilatlar) daxili bazarlara yönəlik istehsal fəaliyyətlərini genişləndirməyə həvəs göstərə bilərlərmi?

"Əlbəttə, yox! Digər neqativ amillərin fəallaşdığı bir şəraitdə isə bu haqda düşünmək belə absurddur. Odur ki, sonrakı dövrdə yerli istehsal hesabına bazarlara mal təklifinin azalacağı ehtimalı çox yüksəkdir. Yerli istehsalçıların bu cür davranışı idxal mallarının yaratdığı bahalaşma dalğasına nəinki zəiflədici təsir göstərməyəcək, əksinə, əlavə təkan verəcək. Odur ki, kəmərləri sıxın, dostlar, bahalaşmadan bahalaşma törəyəcək!”

İyunun 18-də Prezident İlham Əliyev 17 sərəncam imzaladı. Bununla da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibi artırıldı.

Sərəncamda bildirilir ki, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

İlham Əliyevin bu ilin fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdi.

Meydan.tv