İqtisadçı "Relax"ın vergisini hesabladı: "Ayda 6 manat 94 qəpik..."

İqtisadçı

20-08-2019 17:42 / Bu xəbər 393 dəfə oxundu

"Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların fəaliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir".

Bunu Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu feysbukda yazıb.

Vergilər Naziriyinin açqlamasına istinadən edən iqtisadçı bildirib ki, "Relax" istirahət mərkəzində gəlirlər gizlədilib və vergidənyayınma halları var: "Sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət "Relax" istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekt fəaliyyət göstərir. Vergilər Nazirliyinin açıqlamasına əsasən, "Relax" istirahət mərkəzi 2018 ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödəyib. Belə ki, fəaliyyətdə olan obyektlər vergidənyayınma məqsədi ilə ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib. Milyonlarla qazancı olan 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi  bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır''.

"Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim Lerik - "Relax" hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər. Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir", - o qeyd edib. 

Problemin həlli ilə bağlı müxtəlif təkliflər irəli sürən Qubad İbadoğlu açıqlanan rəsmi rəqəmlərlə yanaşı, açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələrin də mövcud olduğunu bildirib: 

"Təklif edirəm:

1) Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaiyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa onda bu hallar baş verməzdi və əhali də bilərdi ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.

2) Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir.

3) Dövlətdə vəzifə tutan şəxlər gəlirlərin və əmlakını dərc etsinlər".

"Yekun qənaətim odur ki, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir. Şübhəsiz ki, "Relax" İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır", - Qubad İbadoğlu vurğulayıb.

Avqustun 18-də Lerikdə "Relax” istirahət mərkəzində insident baş verib.

Bu barədə iqtisadçı Qulu İbrahimli məlumat yayıb.

O bildirib ki, deputat İqbal Məmmədova məxsus "Relax” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb. 

Hadisə ilə bağlı unikal.org-a açıqlama verən İqbal Məmmədov baş verən hadisəni təxribat adlandırıb: "Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax”da yoxlama aparırlar. Dava "Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər ki, həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”. 

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: "Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

"Relax” istirahət mərkəzinin direktor müavini Famil Kərimov məsələ ilə bağlı  açıqlama verib. 

Onun sözlərinə görə, hadisə turistlər arasında baş verib: "15 avqust  tarixindən etibarən "Relax” istirahət mərkəzində  Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. İstirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb”.

Avqustun 19-da Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deputatın oğlunun və qohumlarının saxlanılması təsdiqlənib.

"İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - üç qurumun rəsmi açıqlamasında deyilir.

Səkinə Xanım
Arqument.Az