İqtisadçı Statistika Komitəsinin məlumatlarını yalanladı

İqtisadçı Statistika Komitəsinin məlumatlarını yalanladı

30-04-2019 19:03 / Bu xəbər 1580 dəfə oxundu

"İctimaiyyətə yenə saxta məlumat ötürüblər''

Dövlət Statistika Komitəsi əhalinin adambaşına düşən gəliri ilə bağlı məlumat açıqlayıb.

Məlumata görə, əhalinin gəlirlərinin adambaşına düşən həcmi bu ilin yanvar-mart dövründə 4,6 faiz artıb.

AXCP üzvü, iqtisadçı Nemət Əliyev deyir ki, Statistika Komitəsinin açıqladığı məlumat yalandır: "İctimaiyyətə yenə saxta məlumat ötürüblər. Guya əhalinin gəlirləri artıb. Halbuki, bu göstərici 0,4 faiz azalıb. Çünki adambaşına düşən gəlirlərin həcmi 2018-ci ilin yanvar-mart dövründə 1280,5, 2019-cu ilin yanvar-mart dövründə isə 1275,7 manat olub. Bu iki göstəricini müqayisə etməklə gəlirlərin nominal həcminin necə və neçə faiz dəyişməsinə asanlıqla əmin olmaq olar.

İqtisadçı deyir ki, əhalinin ümumi gəlirlərinin 5,5 faiz artmasına dair Statistika Komitəsinin yaydığı məlumat da saxtadır. Gerçəklikdə bu göstərici 0,5 faizdir. Ona görə ki, əhalinin nominal gəlirləri 2018-ci ilin yanvar-mart dövründə 12,533 mlrd manat olubsa, 2019-cu ilin yanvar-mart dövründə 12,591 manat təşkil edib (12,591 ÷ 12,533 × 100% ≈ 0,5%)".

Nemət Əiyev bildirir ki, üstəlik, komitənin açıqladığı bu məlumatlar xəta da deyil. Bu yanlışları o zaman "hesablama xətası” saymaq olardı ki, belə məlumatların yayılması davamlı xarakter almazdı:

"Bu cür xatalar davamlı şəkildə baş verdiyinə görə Komitənin siyasi sifariş yerinə yetirməsinə dair səslənən iddialar bu gün də əsaslı hesab olunur. Heç şübhəsiz ki, göstəricilərin təhrif olunmuş şəkildə ictimaiyyətə ötürülməsi "həyat səviyyəsi”, "inkişaf” haqqında yanlış təsəvvür yaratmaq məqsədlərinə xidmət edir".

Nemət Əliyev
Mənbə: google.az

Nemət Əliyev deyir ki, əgər Statistika Komitəsinin ölkədə 2,1 faiz inflyasiya olmasına dair yaydığı rəsmi məlumatın doğru olmasına nəzəri cəhətdən inansaq belə, o zaman əhalinin həyat səviyyəsinin bu ilin yanvar-mart dövründə 2,5 faiz pisləşməsi [-2,1% + (-0,4%) = -2,5%] ortaya çıxır:

"Lakin rəsmi infilyasiya göstəricisi çox şübhəlidir və inandırıcı deyil. Hətta bu son üç ayda bazarlarda qiymətlərin necə dəyişməsini canlı şəkildə müşahidə etmiş sadə insanları da bu "2,1 faiz bahalaşma” ilə yola vermək mümkün deyil. Rəsmi məlumatların təhlilindən isə ortaya çıxır ki, daxili bazar payı 70 faizə yaxınlaşan idxal mallarının 30 faizə yaxın bahalaşması hesabına ölkənin məhsul bazarında azı 14 faiz, ümumi istehlak bazarında isə azı 11 faiz bahalaşma əmələ gəlib".

İqtisadçı əlavə edir ki, bu bahalaşma səviyyəsinin əhalinin ümumi alıcılıq qabiliyyətinə nə dərəcədə mənfi təsir etməsini təsəvvür etmək elə də çətin deyil:

"Odur ki, ölkədə bu son üç ayda həyat səviyyəsinin yaxşılaşmasına dair səslənən fikirlərin heç bir əsası yoxdur".