İranda baş verən hadisələrin daxili və xarici səbəbləri...

İranda baş verən  hadisələrin daxili və xarici səbəbləri...

02-01-2018 02:18 / Bu xəbər 1303 dəfə oxundu

Yadigar Sadıqov

Son günlər İranda baş verən hadisələrin həm daxili, həm də xarici amillərdən doğan səbəbləri var. Xarici səbəb, nə qədər parodoksal görünsə də, xarici siyasətdə qazanılan ciddi uğurlarla bağlıdır. 

Son illər Türkiyə iqtidarı xarici siyasət yürütmək əvəzinə daxildə səs toplamaq üçün xarici siyasət sahəsində şüarçılıqla məşğul oldu. Nəticədə İran müsəlman coğrafiyasında öz nüfuzunu xeyli artırdı, bölgənin ən qüdrətli dövlətinə çevrilib. 

Öz növbəsində ABŞ İranla düşmənçilik əvəzinə anlaşma yolunu tutdu. Rəsmi Tehran isə bundan imperiya siyasəti yürütmək üçün istifadə etmək qərarına gəldi. Səddam Hüseyn diktaturasının yıxılmasından sonra öncə İraqda başlayan "şiə ekspansiyası” son dövrdə başqa ölkələrə də yayılır. Suriya hadisələri bu ekspansiyanın daha nəzərəçarpacaq nümunəsidir. Livan və Yəmən nümunələri də var.

Belə imperialist siyasət isə heç də asan başa gəlmir. Bir tərəfdən tərəfdarlarını silah-sursatla və pulla təmin etməlisən, digər tərəfdən isə düşmənlərinin artmasını nəzərə alıb öz müdafiə xərclərini artırmalısan. Yəni xarici siyasətdəki uğurların daxili iqtisadi bazası da olmalıdır. 

İranın bəxtsizliyindən isə belə ekspansiya imkanlarının yaranması ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsi ilə müşaiyət olundu. Belə halda isə artan xərclərin ağırlığı əhalinin üzərinə düşür və əvvəldə dediyimiz xarici amillərdən doğan səbəb yaranır. Təsadüfi deyil ki, etirazçılar "Nə Qəzza, nə Livan. Mənim həyatım İran” kimi şüarlar səsləndirirlər.

Daxili amillərdən doğan səbəbin kökü isə inqilabın ilk dövrünə gedib çıxır. İslam respublikası yaranışından etibarən Qərblə, xüsusən də ABŞ və İsraillə düşmənçilik mövqeyi tutdu. Belə xətt seçən başqa ölkələr hərbi və iqtisadi sahələrdə, o cümlədən kadrlar cəhətdən kömək üçün adətən SSRİ-yə müraciət edirdilər. Lakin İran SSRİ ilə də dost deyildi. Belə olduqda isə yeganə yol öz kadrlarını hazırlamaq idi. 

Düşmən əhatəsində olan İran dini rejim olsa da, indiki Türkiyə iqtidarının imam-hatip məktəblərini tərifləyən, universitet məzunlarını, xüsusən xaricdə təhsil alanları düşmən elan edən ritorikanı özünə rəva görə bilməzdi. Buna görə də İran elm və təhsilə ciddi qayğı göstərir, xaricdə oxumağa xeyli tələbə göndərirdi. 

Məhz bu siyasətin nəticəsində İran sanksiyalara davam gətirə bildi. Lakin rejim üçün təhlükəli olan başqa bir hal ortaya çıxdı - əhalinin savad və mədəni səviyyəsi xeyli yüksəldi. Bu müqayisədə İran digər müsəlman dövlətlərindən xeyli fərqlənir. Hətta 95 illik dünyəvi dövlət olan Türkiyə də bu sırada istisna deyil. Hər halda İranda "amerikanlar nahaqq yerə milyardlar xərcləyib Marsa aparat göndərirlər, mənə 100 min dollar versinlər, hamısını danışım” deyən Cübbəli Ahmet hoca kimi şarlatanların uğur qazanması imkansızdır. 

Səviyyəsi yüksələn əhali isə artıq dini rejimin məhdudiyyətlərini, eləcə də siyasi təbliğatını əvvəlki kimi asanlıqla qəbul etmir. Əslində hakim rejimin də bunu anlamadığını söyləmək olmaz. Son illər müşahidə olunan islahatlar, məhdudiyyətlərin yumşalması, çərçivələrin genişlənməsi məhz bununla bağlıdır. İslam respublikasının ilk dövrlərindəki qaydalarla indikilər arasında xeyli fərq var. Lakin görünür, bu islahatlar hamını qane etmir və etirazların daxili amillərdən doğan səbəbi də məhz budur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.