İsa Qəmbər: "23 il yaşadı, 27 ildir unudulmur"

İsa Qəmbər:

25-04-2019 15:59 / Bu xəbər 1429 dəfə oxundu

Qarabağ döyüşlərində şəhid olan döyüşçü Albert Aqarunovun 50 illik yubileyidir. 

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı və bir qrup partiya üzvü aprelin 25-də Bakının Şəhidlər xiyabanında onun məzarını ziyarət ediblər. 

Bu barədə İsa Qəmbər özünün feysbuk səhifəsində məlumat yayıb.

MSDM sədri İsa Qəmbər qeyd edib: "Milli Qəhrəmanımız Albert Aqarunov – 50! 23 il yaşadı, 27 ildir unudulmur. 270 il keçsə də unudulmayacaq”.

Ziyarətdə Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, bir qrup şuşalı, Qarabağ döyüşçüləri və diplomatik korpusun nümayəndələri iştirak edib.

Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində doğulub.

Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri olan Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 

O, 23 yaşında olarkən, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub.

Döyüşçü Azərbaycan prezidentinin 7 iyun 1992-ci il fərmanı ilə (o vaxt prezident səlahiyyətlərini İsa Qəmbər icra edib) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.///novator.az