İsa Qəmbər: "Zamirə Hacıyevadan mənbəyi tələb olunan sərvət Azərbaycan xalqınındır"

İsa Qəmbər:

12-10-2018 16:14 / Bu xəbər 816 dəfə oxundu

Cəmil Həsənli: ''Bu, İlham Əliyevin ölkəni korrupsiyaya bulaşdırmasının bilavasitə nəticələrindən biridir''

Son günlərin əsas müzakirə mövzusu Beynəlxalq Bankın həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mülkləri və xərclədiyi vəsaitlərdir.

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunandan sonra yerli media 2016-cı ilin iyununda Zamirə Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.

Bildirilib ki, Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf klubu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə deyib ki, bu prosesin başlanması və konkret qərarlar müstəvisinə keçməsi çox müsbət hadisədir.

"Bir dövlətdə oğurluq edib başqa dövlətə investisiya qoyulması normal hadisə deyil"

"İllərdir korrupsiyanın qlobal bəla olması və bu istiqamətdə qlobal miqyasda mübarizə aparmağın vacibliyi vurğulanırdı. Yəni bir dövlətdə oğurluq edib başqa dövlətə investisiya qoyulması normal hadisə deyil”.

İsa Qəmbər hesab edir ki, Azərbaycan korrupsiya sahəsində öndə gedən dövlətlərdən biri olduğundan prosesin burdan başlanması təəccüb doğurmur.

"Amma prosesin məhz həbsdə olan bir ailə ilə başlanması bir qədər təəccüblüdür. Jurnalistlər araşdırmalıdırlar ki, bəlkə başqa proseslər də həmin mərhələdədirlər, yoxsa yaxınlaşırlar”.

Digər məqam kimi, İ.Qəmbər başlanan məhkəmədə konkret şəxsdən sərvətinin açıqlanması tələb olunduğunu göstərib.

"Əgər mənbəyi açıqlaya biləcəksə, sərvət onda qalacaq, əks təqdirdə, mənbəyi sübut, izah edə bilməsə, pullar müsadirə olunacaq. Haqqında mübahisə edilən sərvət nə həmin ailənindir, nə də İngiltərə məhkəməsinindir. Bu sərvət Azərbaycan xalqınındır. Əsas tələb Azərbaycan xalqının olmalıdır və vəsait də ölkə büdcəsinə qaytarılmalıdır”.

Başlanan prosesin ardının gəlib-gəlməməsi barədə suala gəlincə, İsa Qəmbər "bu prosesin ardı mütləq gələcək” deyərək əlavə edib ki, Azərbaycan hakimiyyətində korrupsiyaya bulaşmamış heç kimsə qalmayıb.

"Rəsmi London Azərbaycan məmurlarının vətəndaşlardan oğurlayıb gizlətdiyi pulların gerçək mənzərəsini ortaya qoymalıdır"

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hesab edir ki, baş verənlər ölkənin hansı fəlakətin içərisində olduğunu təsdiqləyir.

"Bu, İlham Əliyevin ölkəni korrupsiyaya bulaşdırmasının bilavasitə nəticələrindən biridir. İlham Əliyevin bundan xəbərinin olub-olmaması onun ölkəni hansı korrupsiya bataqlığına gətirib çıxartdığını bir daha aydın şəkildə təsdiqləyir. Amma məhkəmə düşünülmüş şəkildə başlanıbsa, bunun həbsdə olan məmurdan start götürməsi bir sıra suallar doğurur. Elə həmin Londonda Azərbaycan hakimiyyətinin ən yüksək təbəqəsinə məxsus olan ofşor hesablar, mülklər var. Söhbət hakim ailədən gedir”.

Cəmil Həsənli

Onun fikrincə, bütün bunların üstündən keçib həbsdə olan məmurdan başlamaq o qədər ürəkaçan fakt deyil.

"Rəsmi London bir qədər əzmkarlıq göstərməli, bp-nin nəzarətindən çıxmalıdır və Böyük Britaniyada Azərbaycan məmurlarının vətəndaşlardan oğurlayıb gizlətdiyi pulları, bahalı mülklərin gerçək mənzərəsini ortaya qoymalıdır”.

Cəmil Həsənli düşünür ki, başlanan proses həcm etibarı ilə uğurlu, amma həbsdə olan məmurla start götürməsi uğursuzdur.

"Bütün hallarda vəzifədə olan məmurların oğurladıqları büdcə vəsaitləri üzə çıxacaq. Beynəlxalq Jurnalist Araşdırma Mərkəzi təkcə Londonda 2013-2014-cü illərdə 4 ofşor hesabda yerləşdirilməsi barədə məlumat dərc edib. Ən böyük faciə odur ki, ərazisinin 20 faizi 25 ildir işğalda olan dövlətin müdafiə, fövqəladə hallar, müdafiə sənaye nazirliklərinin rəhbərləri, ləğv olunmuş MTN naziri də büdcə vəsaitlərini natəmiz yollarla ofşor zonalara yerləşdiriblər. Azərbaycan hakimiyyəti öz əleyhdarlarına qarşı 1937-ci ilin vətənə xəyanət ittihamından istifadə edir. Ən böyük vətənə xəyanət ərazisi işğal olunan hakimiyyətin müdafiə üçün ayrılan vəsaitləri London ofşor hesablarına yerləşdirməsidir”.

"Proses tam aşkarlanmayacaq"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hüquqi araşdırmanın niyə məhz həbsdə olan məmurdan başlanması məsələsinin böyük pullarla əlaqələndirir:

İlham İsmayıl

"Azərbaycanda devalvasiya qərarlarından sonra bir çox nazirlər haqda müəyyən işlər görüldü və nə qədər pulların mənimsənildiyi müəyyən olundu. O cümlədən, Zamira Hacıyevanın adına böyük pulların olduğunu bilirdilər, indi əsas məsələ onları qaytarmaqdır. Sadə məsələ deyil, yəni yalnız Böyük Britaniya hüquq-mühafizə orqanlarının yox, rəsmi Bakının da öz marağı var. Başqa adamların da adı keçir, sadəcə, Azərbaycan cəmiyyətinə Zamirə Hacıyevanın adı məlumdur”.

Ancaq İlham İsmayıl düşünmür ki, hüququ araşdırma sona qədər gedəcək: "Proses tam aşkarlanmayacaq. Çünki bp-nin də kömək baxımından böyük rolu var. Böyük Britaniya hökuməti kifayət qədər ağıllıdır. Onlar nə qədər vəsatin dövlətə faiz şəklində çatacağını bilir və bu, birinci hal deyil”.
 
Meydan.tv