İşgəncə ilə öldürülən hərbçinin xanımı: "Tibb bacısı dedi ki, lüt gətirmişdilər, əlləri-gözləri bağlı canını tapşırdı..."

İşgəncə ilə öldürülən hərbçinin xanımı:

06-09-2019 11:19 / Bu xəbər 2779 dəfə oxundu

"Hərbi prokuror Hümbətov mənə dedi ki, yoldaşın kiminsə yerinə səhvən öldürülüb"

"Qaynım görüb ki, qəbiristanlıq tərəfə təcili yardım maşını gedir. Onun arxasınca düşüb, bir neçə hərbçi Səxavət Binnətovun meyidini gətiribmiş. Qəbiristanlıqdan kənarda ekskvatorla quyu qazıb meyiti ora atıblar, üstünü də torpaqlayıblar. El adəti ilə molla belə çağırmayıblar. Deyiblər ki, bu vətən xainidir, şərəfsizdir...".

Söhbət "cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun hərbçisi, müddətdən artıq xidmət edən Səxavət Binnətovun acı taleyindən gedir. 

Səxavət Binnətov 

Hərbiçinin həyat yoldaşı Xavər Haqverdiyeva Criminal.az-a açıqlamasında ailəsinin faciəsindən danışıb: "Səxavət Binnətov 2017-ci il mayın 8-də işə getmişdi. Bir gün keçdi, amma işdən qayıtmadı, gözlədim, mayın 9-da hərbi hissəyə getdim. Yolda qarşıma əmisi oğlu çıxdı, dedi ki, Səxavəti aparıblar. Mayın 16-da meyidini gətirdilər. Sonda məlum oldu ki, Səxavət günahsızdır, məhkəmə quruldu, həyat yoldaşım bəraət aldı". 

Mərhum hərbiçinin xanımı deyir ki, S.Binnətovun meyidini qəbiristanlıqdan kənarda basdırmışdılar: "Biz meyit görməmişik. İki qızım atalarının hələ də itkin düşdüyünü düşünür. El adəti olmadan, mollasız filansız quyuya atıblar, elə bil it basdırdırlar. Quyuya atıb dedilər ki, bu adam şərəfsizdir, vətən xainidir. Şikayət edəndən sonra gəlib qəbrdən çıxarıb yenidən atasının yanında dəfn etdilər". 

Xavər Haqverdiyeva və S.Binnətov 

"Səxavəti heç bir günahı olmadan öldürüblər. Bəraət alan hərbçilərdən fərqli olaraq Səxavət heç şübhəli şəxs də olmayıb. Bəraət kağızından görünür ki, onun barəsində heç cinayət işi də yoxdur. Yoldaşımı kiminsə yerinə səhv aparıblar. Hərbi prokuror Hümbətov da mənə dedi ki, sənin yoldaşın kiminsə yerinə səhvən aparılıb. 6 ay məhkəmə getdi, bir dəfə də adı çəkilmədi ki, onu kim aparıb, kim döyüb öldürüb. Hərbiçilərə işgəncə verib öldürənlərdən Fuad Ağayev  və digər təqsirləndirilənlər məhkəmədə dedi ki, Səxavəti görməmişik",  - X.Haqverdiyeva bildirib.

S.Binnətov  

X.Haqverdiyeva deyib ki, Səxavətin son nəfəsində yanında olan Hərbi Hospitalın tibb bacısı ilə görüşüb və onun dediklərindən dəhşətə gəlib: "Bakıdakı Hərbi Hospitala getdim, Səxavətə baxan tibb bacısını tapıdım. Ondan soruşdum ki, yoldaşım necə öldü, son nəfəsində nə dedi? Dedi ki, Səxavəti koma vəziyyətində, lüt gətirmişdilər. Üstündə ağ mələfə olub. Əlləri və gözləri bağlı vəziyyətdə mayın 15-də gecə canın tapşırıb".  

S.Binnətov  

Onun sözlərinə görə, S.Binnətova elə işgəncələr verilib ki, həmin dəhşətli anlar yazılan sənədləri uşaqlarına görə üzə çıxara bilmir: "Ona nə işgəncələr verməyiblər. Dəmirlə, şlankla döyüblər. Əlləri-gözləri bağlı olub. Matrası su ilə isladıb toka verirmişlər. İşgəncə nəticəsində ölən zabit Elçin Mirzəliyevlə Səxavəti eyni yerdə işgəncə veriblər. Məhkəmədə dedilər ki, Səxavətə Marguşavanda, Mingəçevirdəki hərbi hissədə və meşədə işgəncə veriblər. İşgəncə izləri olan şəkilləri Tərtər Hərbi Məhkəməsinin hakimi İlqar müəllim söz verdi ki, göstərəcək. Amma mərhum polkovnik Saleh Qafarovun yoldaşı Natavan Qafarovaya göstərdilər. Salehə verlən işgəncələri görən qadının məhkəmədə ürəyi getdi. İstintaq materiallarında şəkillər var".

İstintaq materialı 

İstintaq materiallarında da S.Binnətova hansı dəhşətli işgəncələr verilməsi yazılıb. İstintaq materiallarından sitat: "Fuad Ağayev 08.05.2017-ci ildə Səxavət Binnətovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirzdirərək onun fiziki və psixi zor tətbiq etməklə və ya işgəncə verilməklə sorğu-sual edilməsinə göstəriş verib. Səxavət Binnətovdan düşmən tərəfindən kimin vasitəsilə, nə vaxtdan və hansı məqsədlə məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar verməsi üçün xüsusi amansızlıqla zorakılıq hərəkətləri edib. Gününü müxtəlif vaxtlarında, o cümlədən gecə vaxtları müəyyən fasilələr verməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini və ayaqlarını bağlayıb, eləcədə də ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağlarıqları Səxavət Binnətovun bədənin müxtəlif nahiyyələrinə yumruq-təpik, habelə plastik boru və digər küt əşyalarla zərbələr vurub. Onu üzü üstə uzadıb tərpənməməsi və müqavimət göstərməməsi üçün qollarından və ayaqlarından tutub başını vannadakı suyun içərisinə salaraq bir neçə saniyə saxlayıb, nəfəs ala bilmədiyini gördükdə boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb bir neçə saniyə nəfəs almasına imkan verib, sonradan həmin prosesi bir neçə dəfə davam etdirib. Əl-ayaqlarını tutaraq əski parçasını ağzına qoyaraq üstündən ağzına su töküb, su ağızına dolduğundan nəfəs ala bilməmiş, boğulmaq həddinə çatdıqda əskini götürərək nəfəs almasına imkan verib, sonra bu prosesi bir neçə davam etdirmiş, boğularaq çabaladıqda onu tutub saxlamışlar. Daha şiddətli təsir etməsi üçün üstünə su töküb xüsusi qurğu vasitəsilə naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı veriblər. Səxavət Binnətov düşmənlə əməkdaşlığını təkzib etdikdə işgəcəni davam etdiriblər. İşgəncə nəticəsində Səxavət Binnətovun bədəninin müxtəlif yerlərində əzik, sıyrıq və hematomalar yaranıb, qaraciyərində cırılma, qarın boşluğuna 1 litr qan yığılıb. Nəticədə Səxavət Binnətov 11.05.2017-ci ildə saat 11-də Hərbi Hospitala gətirilsə də, mayın 15-də küt alətlərlə döyülmədən qara ciyər və dalaq cırılmasından orada ölüb".

X.Haqverdiyeva Səxavətin məzarı başında 

"Səxavət cəmi 3 il xidmət edə bildi. Onu hərbiyə düzəltmək üçün sələmə pul götürmüşdük. O da öldü, qalmışıq sələmin altında. 11 min sığorta pulu verdilər, iki qızımı sələmlə saxlayıram. Evim də satıldı sələmə görə. Səxavətin qardaşı Naxçıvanda mayordu, özü isə ciddi işçi olub. İki qızımı qorxa-qorxa saxlayıram. Niyə mənim ailə başçımı öldürürdülər ki, biz də belə zülm çəkək? Səxavəti öldürənlərə cəza veriblər. Neynirəm, istəyirlər 50 il versinlər. Allah Səxavəti öldürənlərin balasına mənim balalarım çəkənləri çəkdirsin",  - deyə X.Haqverdiyeva vurğulayıb. 

S.Binnətovun səhvən öldürülməsini sübut edən sənəd 

Hərbi Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin rəis müavini Oqtay Ağayevin məktubundan sonra məlum olub ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayəti işinin istintaqı zamanı nəinki S.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə, istintaq belə bir məlumat daxil olmamış və araşdırılmamış, onun cinayət prosesinə hər hansı prossesual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməyib. 

Mənbə: Criminal.az