İsmayıllı rayon prokuroru həbs edilib

İsmayıllı rayon prokuroru həbs edilib

27-07-2018 17:58 / Bu xəbər 3033 dəfə oxundu

Prokuror və köməkçisi rüşvət almaqda ittiham edilir

İyulun 26-da vəzifəsindən azad edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatı APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

İyulun 25-də isə prokurorun böyük köməkçisi Faiq Quliyev həbs edilmişdi.

Respublika Prokurorluğunun iyulun 26-da yaydığlı məlumatda qeyd olunub ki, F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib:

"Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul tarixdə, İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib. 

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli Rayon Prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib”.

Məlumatda deyilir ki, F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

Bildirilib ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə "Prokurorluq haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.