''İsrafil Hüseynov'' borudüzən gəmisində partlayış olduğu deyilir

''İsrafil Hüseynov'' borudüzən gəmisində partlayış olduğu deyilir

09-05-2019 13:23 / Bu xəbər 962 dəfə oxundu

İlkin məlumatlara görə 14 nəfər yaralanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində partlayış olduğu barədə məlumatlar yayılıb.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı "Facebook” hesabında yazıb ki, ona partlayış nəticəsində 14 nəfərin xəsarət aldığı haqda məlumat veriblər:

"Deyilənə görə gəminin dənizə boru buraxılan hissəsində partlayış olub. Aparat partlayıb, yoxsa xətdə partlayış olub, dəqiq bilmirəm. Deyilənə görə, 14 nəfər yaralı var, onlardan 6-nın vəziyyəti ağırdır. Orada xaricilər də çox işləyir, dəqiq bilmirəm yaralılardan neçəsi bizim, neçəsi xarici vətəndaşdır”.

Faktı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev də təsdiqləyib. O, öz "Facebook” hesabında sözügedən zonada qəza baş verdiyini və hazırda gəmi ilə davamlı əlaqə saxlanıldığını yazıb. İlkin məlumata görə, heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar.

Meydan.Tv