İsrail Suriyadakı İran hədəflərini vurur

İsrail Suriyadakı İran hədəflərini vurur

10-05-2018 11:46 / Bu xəbər 1102 dəfə oxundu

İsrail ordusu İranın Suriyada "onlarla” hərbi obyektinə raket zərbəsi endirdiyini bildirir və bunu Golan Yüksəkliyinə 20-dək raketin atılmasına cavab olaraq gerçəkləşdirdiyini deyir. 

İsrailin iddiasına görə, Golana zərbə endirmək göstərişi İran inqilab qvardiyasının rəhbərindən gəlib.

İsrail ordusunun sözçüsü, general leytenant Jonathan Conricus mayın 10-da Qüdsdə jurnalistlərə deyib ki, İsrail ordusu İran kəşfiyyatının istifadə etdiyi əraziləri, logistikasını, ehtiyat və maşınlarını, eləcə də İsrailə atılan raketlərin buraxıldığı güman edilən məkanı hədəfə alıb.

Conricus iddia edib ki, Golan Yüksəkliyinə raket zərbələri göstərişini İran İslam İnqilabı Qvardiyasının rəhbəri Qasim Süleymani verib.

O, həmin zərbələrin ciddi dağıntı törətmədiyini bildirib.

"İsrail ordusu İranın özünə qarşı bu hücumuna çox ciddi yanaşır. Suriyada onlarla İran hərbi hədəfini vurmaqla buna cavab vermişik”, – o deyib.

Sözçünün deməsinə görə, bu, son illər İsrailin ən böyük hərbi əməliyyatlarından biri, həmçinin İran hədəflərinə ən böyük əməliyyat olub. Ancaq eyni zamanda İsrailin İranla gərginliyi qızışdırmaq istəməməsini də sözlərinə əlavə edib.

İran İsrailin iddialarına cavab verməyib. Ancaq Suriya ordusu və medianın bildirməsinə görə, İsrailin zərbələrinə kəskin cavab verilib, raketlərin çoxu vurulub.

Suriya dövlət xəbər agentliyi mayın 10-da yazıb ki, İsrail Dəməşqə və Suriyanın digər yerlərinə onlarla raket atıb, radar qurğusunu dağıdıb, sursat anbarını vurub.

Ancaq bu dəfə İsrailin zərbəsinin daha güclü olduğu görünür. Dəməşq sakinləri sübh açılmamışdan şəhərin partlayışlardan silkələndiyini deyir.

İsrail təyyarə və raketlərinin sərhədin Suriya tərəfindəki Queintra regionunda hərbi sahələri də hədəfə aldığı bildirilir. Yerli fəallar Golan Yüksəkliyindəki İsrail mövqelərindən artilleriya atəşi açıldığını bildirir.

Bir gün öncə isə Suriya İsraili Dəməşqin cənubunda İrana məxsus Kisveh hərbi postuna raket zərbəsi endirməkdə suçlamışdı. Mayın 9-da gerçəkləşdirilmiş zərbələrdə 15 nəfərin öldürüldüyü, onlardan 8-nin iranlı döyüşçülər olduğu bildirilirdi.

İsrail hava zərbələrindən çoxunu təsdiqləmir. Ancaq aylardır deyir ki, İranın Suriyada hərbi baxımdan həmişəlik oturuşmasını qəbul etməyəcək.

İran da İsraillə əlaqələndirilən bu zərbələrin qisasını alacağını bildirir.///Azadliq.org