İstefada olan polkovnik-leytenant Türkiyədə vəfat edib

İstefada olan polkovnik-leytenant Türkiyədə vəfat edib

20-02-2019 01:58 / Bu xəbər 1579 dəfə oxundu

"Uzun müddət idi Müdafiə Nazirliyi onun dərmanla təminatına kömək etmirdi"

Bu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Əliyaz Ələddin oğlu Mirzəyev uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi saytında xəbər yayıb.

Səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Polkovnik-leytenantın ölümü ilə bağlı jurnalist Sevinc Vaqifqızı da Facebook profilində status paylaşıb: "”Hərbçi yoldaşlar mənə hesab açıblar, pul göndərirlər, utancvericidir. Sinif yoldaşlarım, qızlar mənə pul göndərirlər, utancvericidi. Belə olmamalıdır. Onlar məni heç vaxt belə görməyiblər”. Polkovnik-leytenan Əliyaz Mirzəyev ağciyər xərçəngindən əziyyət çəkirdi. Uzun müddət idi Müdafiə Nazirliyi onun dərmanla təminatına kömək etmirdi. Təxminən 1 həftə əvvəl yazdım ona, yoldaşı dedi, Türkiyədədir, xəstəlik metastaz verib, müalicə alır. Bu gün öyrəndim ki, vəfat edib. Ruhunuz şad olsun, cənab polkovnik”.

azadliq.info