"İstintaq qarışqadan fil düzəltmək istəyir" - Gülağa Aslanlı

21-06-2017 00:20 / Bu xəbər 1052 dəfə oxundu

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu gün, iyunun 20-si Baş Prokurorluqda dindirilib.

Həbsdəki jurnalist Əfqan Muxtarlının işinə şahid qismində cəlb edilən siyasətçinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadəsi alınıb.

Bu haqda G.Aslanlı prokurorluqdan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

O, Ə.Muxtarlıya açılan cinayət işi ilə bağlı olduğu bildirilən sualları cavablandırdığını söyləyib.

"Görünən budur ki, istintaq Əfqan Muxtarlının işində qarışqadan fil düzəltmək istəyir. Məncə, Əfqan Muxtarlının həbsinin nə qədər absurd olduğunu onların hamısı dərk etməyə başlayıb. Ona görə də cinayət işini daha da genişləndirib, Müsavat Partiyası ilə əlaqələndirmək xətti götürülüb. Düşünürəm ki, işlə bağlı beynəlxalq təpkiləri azaltmaq üçün belə edirlər”, – G.Aslanlı bildirib.

Bundan əvvəl Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl və Sevinc Vaqifqızı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.///azadliq.org