İttiham: İş adamı şəhid qızının sərxoş olduğunu göstərən saxta sənəd almaq istəyib

İttiham: İş adamı şəhid qızının sərxoş olduğunu göstərən saxta sənəd almaq istəyib

08-02-2019 18:00 / Bu xəbər 1087 dəfə oxundu

Akif Rəhimov müstəntiqin köməkçisinə 52 min manat verdiyini deyir

"Xırdalan-Xəz" ASC-nin rəhbəri, "Yeganə" şadlıq sarayının sahibi Akif Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi yol qəzasıyla bağlı məhkəmə prosesi xeyli əvvəl başa çatıb. 2017-ci ilin noyabrında üç uşaq anası olan 42 yaşlı Könül Əkbərovanın ölümünə səbəb olan yol qəzasına görə həbs edilmiş R.Rəhimov təxminən 9 aydan sonra buraxılıb. İndi bu məsələ yenidən gündəmə gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail Rayon Polis İdarəsində qeyri-rəsmi şəkildə müstəntiq köməkçisi işləmiş Elnur Babayevin məhkəməsi başlayıb. O, yol qəzası baş verəndən sonra R.Rəhimovun məsuliyyətdən yayındırılması üçün onun atası A.Rəhimovdan 52 min manat pul alıb aldatmaqda ittiham olunur.

İttihama əsasən, iş adamı oğlunun əməlini gizlətmək üçün saxtakarlıq etmək istəyib. O, bununla əlaqədar müstəntiq köməkçisi, 1988-ci il təvəllüdlü Babayev Elnur Yaşar oğlu ilə razılaşıb. 

Rəhimovlara məxsus "Yeganə" şadlıq sarayında keçirilən danışıqların məzmunu belə olub ki, qəza zamanı həlak olan K.Əkbərovanın həmin vaxt sərxoş olması barədə ekspertiza rəyi alınacaq, müstəntiq Vüqar Abbasov vasitəsilə işi onların xeyrinə həll etmək məqsədilə şahidlər toplanacaq. Həm də R.Rəhimovun əvəzinə onların sürücüsü məsuliyyətə cəlb olunacaq.

Lakin Elnur Babayev vədlərinə əməl etməyib. Mərhum K.Əkbərovanın anası məsələni ictimailəşdirəndən sonra proseslər başqa istiqamətdə gedib, işi aparan müstəntiq də dəyişib, Vüqar Abbasov işdən çıxarılıb.

A.Rəhimov pulu E.Babayevə rəsmi müqavilə ilə verib. Oğlunun məhkəməsi başa çatandan, R.Rəhimov buraxılandan sonra, o, E.Rəhimovdan şikayət edib.

Hakim Eldar Mikayılovun sədrliyilə keçirilən məhkəmə prosesində E.Babayev özünü təqsirli bildiyini söyləyib. O, A.Rəhimovdan pul aldığını təsdiqləyib.
Məhkəmə prosesi davam edir.

2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı "90-FO-007” dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub.

K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimova qarşı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. Ona hadisə yerindən qaçma ittihamı üzrə bəraət verilib, digər ittihamla 5 il 6 ay azadlıqdan məhrum edilib. 

Bakı Apelyasiya Məhkəməsi cəzanı 5 ilə endirib, özünün də məntəqə tipli cəzaçəkmə müəssisəsinə (komendatura) köçürülməsi barədə qərar çıxarılıb. Beləliklə, R.Rəhimov həbsdən buraxılıb.

Qəzada ölən K.Ələkbərova Qarabağ döyüşlərində həlak olmuş Elton Ələkbərovun qızıdır.

A.Rəhimov parlament seçkilərində deputatlığa namizəd olub.///Meydan.tv