İTV direktorluğuna iddialılar açıqlandı

İTV direktorluğuna iddialılar açıqlandı

30-05-2018 15:26 / Bu xəbər 1983 dəfə oxundu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki ilə bağlı elan etdiyi müsabiqə yekunlaşıb.

Bu haqda Şuranın bu gün, mayın 30-da yaydığı məlumatda bildirilir.

Qurum vurğulayır ki, İTV-nin baş direktoru vəzifəsinə seçilməkdən ötrü namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Müsabiqəyə 7 iddiaçının qoşulduğu bildirilir. İddialılar arasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorun müavini Balakişi Qasımovun, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyevanın adları var.

İTV-nin baş direktorluğuna habelə, Mərkəzi Nəbatat Bağının elmi işçisi Sadıq Qarayev, Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəis müavini Rauf Abbasov, 7news.az saytının baş redaktoru Səbuhi Abbasov, «Elit» informasiya agentliyinin baş direktoru Rahilə Mehtiyeva və işsiz Qərənfil Xəlilova da iddia edir.

Seçkinin nə zaman keçiriləcəyi bildirilmir.

Mayın əvvəlində Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. Həmin vəzifənin müvəqqəti B.Qasımova tapşırıldığı açıqlanıb.

C.Quliyevin səlahiyyətlərinə səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar xitam verildiyi bildirilirdi. O, 2013-cü ilin aprelindən İTV-yə rəhbərlik edirdi.

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən ( 2001-ci il ) götürülən öhdəliklərə əsasən, 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti və bəzi ekspertlər hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyib.