Jurnalist aclıq aksiyası keçirir

Jurnalist aclıq aksiyası keçirir

14-02-2019 16:57 / Bu xəbər 1161 dəfə oxundu

"Realliq.info saytının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan redaktoru İkram Rəhimov 4-cü gündür aclıq edir. 

Onun səhhətində ciddi problemlər yaranıb."

Bu barədə "Amerikanın Səsi"nə jurnalistin ailəsindən bildiriblər.

Ailə üzvlərinin sözlərinə görə, Rəhimov səs nümunələrinin saxtalaşdırılmasına etiraz edir.

Fevralın 12-də Dövət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən yerli mediada İkram Rəhimovun səsi olduğu bildirilən və insanlardan pul tələb edildiyi əks olunan audio-video reportaj yayılıb. Repotajın yerli mediada yayılması jurnalistlə bağlı istintaqın davam etdiyi vaxta təsadüf edir.

Ailə üzvləri İkram Rəhimova istinadən həmin materialda yayılan səsin saxta olduğunu bildirir.

Öz növbəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən jurnalistin aclıq etməsi və reportajla bağlı münasibət öyrənmək mümkün olmayıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi jurnalist barədə həbs qətimkan tədbiri seçib.

O, həbsindən öncə Azərbaycan prezidentin köməkçisini tənqid etdiyinə görə izlənildiyini bildirib.

Prezidentin köməkçisi jurnalistin dediklərinə münasibət bildirməyib. Ancaq, Mətbuat Şurası onun açıqlamalarını əsassız sayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılır.

"İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib."

2018-ci il dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə Rəhimovun Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməsi ilə bağlı şikayətini təmin etməyib.

"Məhkəməyədək həbsdə, özü də istintaq edən orqanın təcridxanasında saxlanılmağım qanuni deyil. İstintaq burada məni təzyiq altında saxlayır," jurnalist Apelyasiya Məhkəməsində bildirib.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 il müddətinə azadlıqdan məhrum edilib, sonra vaxtından əvvəl azadlığa buraxılıb.