"Jurnalist olmaq indiki qədər təhlükəli olmayıb" - Rebekka Vinsent

11-07-2019 14:57 / Bu xəbər 821 dəfə oxundu

İyulun 10-da Londonda Qlobal Media Azadlığı Konfransı işə başlayıb. Tədbiri Böyük Britaniya və Kanada hökumətləri təşkil edib.

Bu barədə Turan İA məlumat verib.

Konfransın leytmotivi bütün dünyada media azadlığının təbliğidir, çünki bu, hər ölkənin iqtisadi inkişafının, sosial rifahının mühüm tərkib hissəsidir.

İfadə azadlığı İnsan Hüquqları üzrə Universal Bəyannamənin 19-cu maddəsində nəzərdə tutulub və hökumətlərin bu öhdəliklərə əməl etməklə bağlı öhdəlikləri var.

Konfransda müxtəlif ölkələrdən bir çox beynəlxalq təşkilatların rəhbərləri, hökümət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirlər.

Konfrans iştirakçıları həyəcan təbili çalaraq jurnalistlərə edilən hücumları dayandırmaq üçün birgə çalışmağın vacibliyini vurğulayıblar.

Çıxışlarda əsas müzakirə, heç bir jurnalist peşəsinə görə təqib edilməməli və öz həyatını qurban verməməlidir.

Konfransın ilk panellərindən birində ifadə azadlığı ilə bağlı yeni bəyannamənin qəbulu məsələsi müzakirə edilib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bildirib ki, yeni bəyannamə növbəti media azadlığı ilə bağlı problemlərin həllinə kömək edəcək.

Digər paneldə müzakirələrin mövzusu jurnalistlərin təhlükəsizliyi və müdafiəsi olub.

Kanada XİN rəhbərinin moderatorluğu ilə keçirilən müzakirələrdə "Sərhədsiz Reportyorlar" təşkilatının Böyük Britaniya üzrə nümayəndəsi Rebekka Vinsent çıxış edib.

"Jurnalist olmaq indiki qədər təhlükəli olmayıb. Hazırda dünyada 340 jurnalist həbsxanadadır", - o bildirib.

"Media azadlığı: jurnalistlər təhlükə altında" mövzusunda müzakirələrdə insan haqqları üzrə vəkil Amal Kluni çıxış edib.

"Biz geriyə gedirik. Son 18 ayda 100 jurnalist öldürülüb. Həbsxanalarda rekord sayda jurnalist var. Jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində işgəncə ilə öldürüldü. Dünya liderləri isə ancaq çiyin çekirlər", - A.Kluni bildirib.

Kluni  vurğulayıb ki: "Mən hüquqi praktikamda jurnalistlərin üzləşdikləri problemlərin şahidi olmuşam. Mən Azərbaycan, Maldiv adaları, Misirdə insan hüquqlarının pozulması, korrupsiya haqda məlumat yaydığına görə öz hökumətləri tərəfindən təqib olunan jurnalistləri təmsil etmişəm. Mənim fondun TrialWatch təşəbbüsü bütün dünyada jurnalistlərin təqib olunmasına nəzarət edir".