Jurnalistə qarşı iddia ilə bağlı qərar açıqlandı

Jurnalistə qarşı iddia ilə bağlı qərar açıqlandı

05-08-2019 19:53 / Bu xəbər 1045 dəfə oxundu

Binəqədi Rayon Məhkəməsi jurnalist Sevinc Vaqifqızıya qarşı iddia ilə bağlı qərarını açıqlayıb. 

Avqustun 5-də  hakim Emin Əliyev 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanın jurnalistə qarşı iddiasını qismən təmin edib.

Məhkəmə işi Sevinc Vaqifqızının ötən il növbədənkənar prezident seçkisi haqda hazırladığı reportajla bağlı idi. Reportajda Elmira Alandarovadanın insanları müxtəlif istiqamətlərə yönəltdiyi  göstərilib. 

"Direktor müavini seçkidə "karusel"ə nəzarət edir" başlığıyla Meydan TV-də, "Azadlıq" qəzetinin internet saytında, sosial şəbəkələrdə yayımlanmış videoya görə Elmira Alandarova jurnalisti məhkəməyə verib və iddia edib ki, videosüjetdə Alandarovanın şərəf və ləyaqəti alçaldılıb. 

İddiaçı tərəf həmin süjetin Meydan TV və "Azadlıq” qəzetinin səhifələrindən silinməsini tələb edib. Əlavə olaraq üzrxahlıq edilməsi və dəymiş mənəvi zərərə görə Elmira Alandarovaya 2500 manat məbləğində kompensasiya ödənilməsi irəli sürülüb. 

Prosesdə Elmira Alandarovanın nümayəndəsi qismində həyat yoldaşı Rasət Qasımov çıxış edib.

Proses zamanı hakim iddiaçı tərəfdən niyə seçki günü məktəbdə olduğunu soruşub. İddiaçının nümayəndəsi deyib ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ora çağırılıb. Jurnalistin vəkili Zibeydə Sadıqova isə icra hakimiyyətlərinin seçki prosesinə müdaxiləsinin qanunsuz olduğunu diqqətə çatdırıb.

Qərardan sonra Rasət Qasımov yenidən vəsatət qaldıraraq deyib ki, qarşı tərəf üzr istəməli, təzminat ödəməli və materiallar yayılan saytlardan silinməlidir. Hakim vəsatəti rədd edib.

Bundan sonra hakim qərarı elan edib. Qərarda yalnız xəbərin başlığının həqiqətəuyğun olmadığı vurğulanıb.

Sevinc Vaqifqızı Meydan Tv-ya deyib ki, məhkəmənin qətnaməsindən apelyasıya şikayəti verəcək: "Yazının başlığını doğru hesab etdiyim üçün qətnamədən razı deyiləm, ona görə Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəm”. 

Məhkəmə prosesi yekunlaşanda Rasət Qasımov jurnalistin nişanlısına hücum edərək, onu təhqir edib. 

Onun bu hərəkətindən məhkəməyə şikayət edilib.///toplum.tv