Jurnalistin ölkədən çıxış qadağası saxlanıldı

Jurnalistin ölkədən çıxış qadağası saxlanıldı

27-09-2018 17:02 / Bu xəbər 2031 dəfə oxundu

Bakı Apelyasiya Məhkəməsi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.

Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə bu gün, sentyabrın 27-də baxılıb. Bu haqda jurnalistin özü məlumat verib.

Ş.Çobanoğlunun deməsinə görə, prosesdə çıxış edən vəkilləri onun ölkədən çıxışına qadağa qoyulmasından ötrü qanuni əsasların olmadığını bildiriblər.

Onun vurğulamasına görə, vəkillər məhkəməyə deyiblər ki, jurnalist bir neçə dəfə prokurorluğa çağırılıb, ifadəsi alınıb. Ancaq jurnalist bütün işlərə şahid qismində dəvət edilib. Vəkillərin bildirməsinə görə, qanunvericilik isə şahid qismində dəvət edilmiş şəxslərin hərəkət azadlığının məhdudlaşdırılmasını nəzərdə tutmur.

Ancaq jurnalist bildirir ki, hakim Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə kollegiyası onun vəkillərinin arqumentlərini əsaslı hesab etməyib. Nəsimi Rayon Məhkəməsinin Ş.Çobanoğlunun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan qərarı qüvvədə saxlanıb.

Jurnalist qərarla razı olmadıqlarını, yuxarı məhkəməyə şikayət edəcəklərini bildirib.

Ş.Çobanoğlu son 2-3 ildə "Azadlıq" qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. 

Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru işləyib, "Azadlıq" qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. 

Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar. AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.