Jurnalistin ölümü ilə əlaqədar Avropa Məhkəməsinə şikayət olundu

Jurnalistin ölümü ilə əlaqədar Avropa Məhkəməsinə şikayət olundu

10-02-2017 16:22 / Bu xəbər 1458 dəfə oxundu

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 

Bu barədə AzadlıqRadiosuna mərhum jurnalistin ailəsinin nümayəndəsi Fariz Namazlı məlumat verib.

Vəkil deyir ki, ailəsi Rasim Əliyevin ölümü ilə əlaqədar həkimlərin cəzalandırılmaması və futbolçu Cavid Hüseynovun məhz döyülüb öldürülmə məsələsində məsuliyyətdən kənarda saxlanılmasından narazıdır.

Rasim Əliyevin həkim səhlənkarlığından, vaxtında əməliyyat edilməməsi nəticəsində vəfat etməsiylə əlaqədar Klinik Tibbi Mərkəzin həkimlərinin, eyni zamanda, hadisənin təşkilatçısı kimi futbolçu Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsinə dair istintaq qarşısında dəfələrlə vəsatətlər qaldırılsa da, heç bir səbəb olmadan rədd edilib.

3 MADDƏNİN POZUNTUSUNUN TANINMASI İSTƏNİLİR

Bakı şəhər Prokurorluğunun qərarına görə, Cavid Hüseynovun Rasim Əliyevin döyülüb öldürülməsində iştirakı müəyyən edilməyib, həmin hissədə onun haqqında cinayət təqibinə xitam verilib. Eyni zamanda, prokurorluq Kliniki Tibbi Mərkəzdə Rasim Əliyevin müayinə və müalicəsi ilə məşğul olmuş, cərrahiyə əməliyyatını həyata keçirmiş tibb işçilərinin də əməllərində cinayət tərkibi əlamətlərinin olmaması qənaətinə gəlib.

«Zərərçəkmiş tərəf prokurorluğun bu haqda qərarını məhkəmə müstəvisində mübahisələndirsə də, Səbail rayon və Bakı Apellyasiya məhkəmələri şikayəti təmin etmədi. Nəticədə Rasim Əliyevin ailəsi Avropa Məhkəməsinə üz tutdu», – vəkil bildirib.

Avropa Məhkəməsinə göndərilən şikayətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 10 (ifadə azadlığı hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınması istənilir.

XATIRLATMA

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi – Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib.

«Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, Səbail rayon Məhkəməsinin hökmü ilə CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 12 oktyabr 2016-cı il tarixli hökmü ilə C.Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti yetərli hesab edərək, futbolçunu cəzanın çəkilməmiş hissəsindən azad edib.