Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir

22-10-2019 18:19 / Bu xəbər 2740 dəfə oxundu

Baş redaktor: "Saytların bloklanması nazirliyin səlahiyyətindədir"

Oktyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "arqument.az" saytını blokladığına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırılan iddiaya baxılıb. 

Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib. 

Onun sözlərinə görə, "arqument.az" saytı bu il aprelin 8-10 tarixlərində bloklanıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  isə bununla bağlı heç bir xəbərdarlıq etməyib. 

Şəmşad Ağa ToplumTv-yə deyib ki, sayta vpn-lə giriş mümkün olsa da, bir gün sonra kiber-müdaxiləyə məruz qalıb: "Nazirlik saytın onlar tərəfindən bloklanmadığını desə də, bu məsələ onların səlahiyyətindədir. Bugünkü prosesdə də tutarlı fakt təqdim edə bilmədilər, amma etiraf da etmirlər. Növbəti proses isə dekabrın 3-nə təyin olundu. Bu gün Rabitə Nazırliyindən cavabdeh şəxs kimi hüquqşunaslar və Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov iştirak etdi. Biz onun məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət vermişdik. O da saytı həmin tarixdə onların bloklamadığını dedi. O zaman sual verdik ki, bəs başqa hansı qurumun belə səlahiyyəti var? Bu suala cavab verməkdə çətinlik çəkdilər". 

Redaktor bildirib ki, cavabdeh şəxs kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti göstərilsə də, bu işə məsul şəxs nazir Ramin Quluzadədir: "Hakim bildirdi ki, burada nazirlik yox, məhz sözügedən xidmət cavabdeh olmalıdır. Amma bu xidmət nazirliyin nəzdindədir. Bloklanma tapşırıqlarını isə şəxsən nazir Ramin Quluzadə verir. Çünki biz 2018-ci ildə də analoji halla qarşılaşdıq. Onda iddiaçı tərəf kimi məhkəməyə Ramin Quluzadə müraciət göndərmişdi. Bu gün isə məsul şəxsin Elektron Təhlükəsizlik Xidməti olduğunu deyirlər”.

Şəmşad Ağa bildirib ki, istənilən halda qanunvericiliklə bloklanmaya cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir: "Nazirlik "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-cü və Konstitusiyanın 47, 50-ci maddələrini pozub. Bu, ifadə azadlığının məhdudlaşdırılmasıdır. Ona görə də hüquqi addımlarımızı davam etdirməkdə israrlıyıq". 

Baş redaktor deyib ki, növbəti məhkəmə prosesi dekabrın 3-də, saat 11:10-da keçiriləcək.