Jurnalistin qətlindən sonra siyasi böhran davam edir

Jurnalistin qətlindən sonra siyasi böhran davam edir

05-03-2018 16:36 / Bu xəbər 811 dəfə oxundu

Slovakiyada araşdırmaçı jurnalistin qətlindən sonra yaranmış siyasi böhran davam edir. 

Prezident Andrej Kiska ictimai inamın bərpasından ötrü hökumətdə əməlli dəyişikliyə, ya da erkən seçki keçirməyə çağırıb.

"Bir həftədir hökumətin gərginliyin azaldılması və inamın bərpası üçün hansı siyasi addımlar atacağını gözləyirəm. Bəziləri istefa verib, amma ölkəni etimad böhranından çıxaracaq heç bir plan görmürəm”, – Kiska martın 4-də deyib.

Baş nazir Robert Fico isə prezidentin təklifini rədd edib, onu qurbanların "məzarları üzərində rəqs etməkdə” suçlayıb.

Jan Kuciak-la sevgilisi Martina Kusnirova bir həftə öncə evlərində ölü tapılıblar.

27 yaşlı Kuciak Slovakiyanın şərqindəki italyan biznesmenlər arasında şübhəli mafiya əlaqələrini araşdırırdı.

Martın 1-də Slovakiya hüquq-mühafizə orqanları iş üzrə istintaq çərçivəsində saxlanmış bütün italyan şübhəliləri azad edib. 

Polis saxlandıqları 48 saat ərzində onlar barəsində tutarlı dəlil aşkarlanmadığını bildirib.

Martın 2-də minlərlə adam paytaxt Bratislava və başqa şəhərlərdə nümayişə çıxaraq iş üzrə təcili tədbirlər görülməsini tələb edib.

İSTEFA TƏLƏBLƏRİ

Bu qətldən sonra Fico-nun koalisiya tərəfdaşları da hökumətin aparıcı üzvlərinin istefasını tələb edib. İstefası tələb olunanlar içində Fico-nun yaxın müttəfiqi, daxili işlər naziri Robert Kalinak da var.

Fransada yerləşən "Sərhədsiz Reportyorlar Təşkilatı” isə baş nazirə deyib ki, jurnalistlərdən üzr istəsin. Qurumun baş katibi Christophe Deloire 2 mart nümayişlərindən öncə Bratislavada nazir Fico ilə görüşüb. Görüşə ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Désir də qatılıb.

Görüş zamanı Deloire Avropanın bəzi siyasətçilərinin, hətta hökumət başçılarının jurnalistlər üçün yaratdığı "qorxulu mühit”i pisləyib. Belə ki, Çexiya prezidenti Milos Zeman ötən ilin oktyabrında üstündə "jurnalistlər üçün” yazılmış yalançı Kalashnikov silahını sərgiləyib. Slovakiyada baş nazir Fico isə bir neçə dəfə jurnalistləri təhqir edib.

"Düşünürük ki, jurnalistləri dəfələrlə təhqir etdiyinizə görə üzrxahlıq və peşmançılıq bildirməlisiniz. Jan Kuciak-ın qətlindən sonra ədliyyə sisteminin onun qatillərini məhkum edə bilməsini təmin etmək, vergi fırıldağı, korrupsiyanı araşdıran jurnalistləri qorumaq öhdəyiliniz də var”, – RSF rəhbəri bildirib.///azadliq.org