"Jurnalistin təhqir olunması yolverilməzdir" - Əflatun Amaşov

12-06-2018 18:29 / Bu xəbər 2296 dəfə oxundu

"Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyən yolverilməzdir”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O, "Bizim Yol” qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan təəssüfləndiyini bildirib: "Bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır. Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrektə olmasını yalnız etik baxımdan əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq "Bizim Yol” qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var. Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır”.

Xatırladaq ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərzuman Əliyev onunla əlaqə saxlayan "Bizim Yol” qəzetinin əmkdaşı Əli Cahangiroğlunun sualına cavab verməkdən imtina etməklə yanaşı, onu ağır söyüşlərlə də təhqir edib.