Jurnalistlər dindirilməyə çağırılıblar

Jurnalistlər dindirilməyə çağırılıblar

14-06-2017 14:12 / Bu xəbər 1083 dəfə oxundu

Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı bu gün (14 iyun) Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağırılıblar.

Bu barədə jurnalistlər "Facebook"da məlumat yayıblar. 

Hər iki jurnalist həmkarları,hazırda həbsdə  Əfqan Muxtarlının işi üzrə ifadə vermək üçün çağırılıb.

S.Vaqifqızı dindirməyə saat 14:30-da, Ş. Çobanoğlu saat 16:00-da çağırılıb.
 
Jurnalist Ə.Muxtarlı mayın 29-da oturum icazəsi  aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.///azadliq.org