Jurnalistlər Qorxmaz Hüseynovu məhkəməyə verirlər

Jurnalistlər Qorxmaz Hüseynovu məhkəməyə verirlər

05-07-2018 17:04 / Bu xəbər 1865 dəfə oxundu

Jurnalist Aytən Məmmədova "Azərsu" Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verməyə hazırlaşır. 

Bu barədə jurnalist özünün feysbuk səhifəsində məlumat yayıb.

"1 milyard dollar pul silindi"

"Bir neçə il öncə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə büdcədən təxminən 1 milyard dollar pul silindi. Guya məqsəd Bakı və ətraf qəsəbələri fasiləsiz su ilə təmin etmək idi. Şəhərin babat yerində yaşayıram, səhər və axşam üç saat olmaqla, gün ərzində cəmi 6 saat su gəlir. Bir neçə gündür 45 dərəcədə istidə, belə zibilli və rütubətli şəhərdə isə insanları ümumiyyətlə, susuz qoyublar. Gəlin birləşib "Azərsu"yu məhkəməyə verək. Deməyin ki, "xeyri yoxdur". Olacaq. Şəxsən mən yaxın günlərdə iddia ərizəsi hazırlatdırıb məhkəməyə təqdim etmək fikrindəyəm...", - jurnalist qeyd edib. 

Sosial şəbəkələrdə bu statusa həmrəylik nümayiş etdirən jurnalistlər "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovu təndiq edib, onu prezidentin keçirdiyi müşavirədə yalan danışmaqda suçlayıblar. 

Onlar bildiriblər ki, ölkə başçısı İlham Əliyevin enerji böhranı ilə bağlı keçirdiyi müşavirədə Qorxmaz Hüseynov Bakının 92-93 faizinin su ilə təmin olunduğunu deyib. Amma buna baxmayaraq, paytaxtın mərkəz hissəsi və əksər ərazilərində su problemi yaşanır. Bəzi ərazilərdə isə su çöküntü halında verilib. 


"Biri dolma bükür, biri corab toxuyur, digəri ərə getmiş qızına düşbərə bişirməyi öyrədir, 4-5 nəfər krosvord yazırdı..."

REAL Hərəkatının üzvü, iqtisadçı Natiq Cəfərli də "Azərsu" ASC rəhbərliyi ilə bağlı status yazıb.

O bildirib ki, illər öncə bu qurumda işçilər daha çox "qohum-əqrəba" prinsipi ilə işə götürülüblər: "2007-ci ildə böyük bir beynəlxalq layihənin yerli rəhbəri kimi "Azərsu"ya göndərdilər. Şirkətin rəhbərliyi qarşıladı və mənə mühasibatlıqda ayrıca otaq ayrıldığını dedi. Kollektivə təqdim etmək üçün "Azərsu"yun vitse-prezidenti məni mühasibatlığa apardı. Böyük zalda 20 işçi əyləşmişdi, zalın kənarında mənə özəl otaq ayırmışdılar. Məni təqdim edib getdi, işçilər öz rutin işlərinə başladılar, mən şok oldum: xanımlardan biri qazanı masanın üstünə qoyub dolma bükməyə, digəri corab toxumağa başladı. Başqa bir xanım isə telefonla təzə ərə getmiş qızına yüksək səslə düşbərə bükməyi öyrədirdi, digər işçi o birilərindən krosvord sualları soruşurdu, 4-5 nəfər çox böyük həvəslə krosvordu həll edirdi. Yəni 20 nəfərlik kollektivdən kompyuterdə işləyən, hesabat yazan cəmi 3 nəfər var idi". 

"Sonradan öyrəndim ki, həmin 3 nəfər "yiyəsiz" işçilər, qalanları isə rəhbərliyin qohum-əqrabası idi. Məhz belə mənasız sistemə görə indi 2 gündür bizdə su gəlmir, mağazadan su alıb daşımaqla məşğuluq. Sistem deyil, multfilmdir...", - iqtisadçı yazıb. 
 
İyulun 2-dən 3-ə keçən gecə Mingəçevirdə yerləşən "İstilik Elektrik Stansiyasında” qəza baş verib.

Nəticədə paytaxt və rayonlarda elektrik enerjisi kəsilib. Eyni zamanda paytaxt və Bakı ətrafı ərazilərdə içməli suyun verilməsində problem yaşanıb. 

Ötən gün elektrik enerjisinin verilməsi bərpa olunsa da, paytaxtda içməli suyun verilməsində hələ də problem yaşanır.

"Azərsu" ASC-dən Arqument.Az-a verilən məlumata görə, problem anbarlarda suyun azalması və təzyiqin aşağı olması ilə əlaqədardır.