Jurnalistlərin yeni araşdırması: “Cənnət sənədləri”

Jurnalistlərin yeni araşdırması: “Cənnət sənədləri”

06-11-2017 11:50 / Bu xəbər 143 dəfə oxundu

Jurnalistlərin beynəlxalq konsorsiumu yeni nəhəng araşdırmanı açıqlayıb. 

"Cənnət sənədləri”, yaxud "Cənnət adaları sənədləri” ("Paradise papers”) adlı bu araşdırma miqyasına görə "Panama sənədləri” ilə müqayisə oluna bilər.

Jurnalistlər 13 milyon 400 minədək sənədi araşdıraraq yüksəkçinli siyasətçilərin vergidən yayınma mexanizmini üzə çıxarıblar.

Araşdırmanı noyabrın 5-də ABŞ-da mənzillənən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) yayıb.

Bu araşdırma özəlliklə, ABŞ prezidenti Donald Tramp administrasiyası rəsmilərinin Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafıyla biznes əlaqələrinə işıq salır.

Araşdırmaya görə, ABŞ-ın ticarət naziri Vilbur Rossun sərmayə qoyduğu gəmiçilik şirkətinin Rusiya prezidenti Vladimir Putinin müttəfiqlərinin idarə etdiyi şirkətlə bağlılığı var.

Sənədlər həmçinin Britaniya kraliçası II Yelizavetanın (Queen Elizabeth II) ofşor yatırımlara 13 milyon dollar qoyduğunu üzə çıxarıb.

2016-cı ildə "Panama sənədləri”ni də ICIJ yaymışdı. Panamadakı hüquq firmasının sənədlərin əsasən dünyanın bir sıra liderlərinin və zənginlərinin ofşor hesabları üzə çıxarılmışdı.

Həmin sənədlərdə Azərbaycanın birinci ailəsinin də ofşor biznesi barədə də bilgilər yer almışdı.

"Cənnət sənədləri” iki ofşor xidmət provayderindən və 19 "vergi cənnəti”ndəki şirkət reyestrlərindən əldə olunub. 

Sənədləri Almaniyanın "Sueddeutsche Zeitung” qəzeti əldə edərək "The Guardian", "The BBC", "The New York Times" və onlarla digər xəbər agentliyi ilə paylaşıb, onlar da informasiyanın təhlilini aparıblar. 

Sənədlərin məhz nəhəng sayına görə çoxsaylı agentliklərlə paylaşıldığı bildirilir. Bu sənədlərdə adları çəkilən ən yüksəkçinlilərin Ross və Kraliça Yelizavetanın olduğu deyilir. 

Hər iki şəxsin fəaliyyətində qanunsuzluq əlaməti görünmür. Amma Ross-un Rusiyaya bağlılığı prezident Donald Trump administrasiyasından ötrü utancverici sayıla, maraqlar münaqişəsi barədə suallar yarada bilər.

Trump-ın müttəfiqləriylə Rusiyanın bağlantıları hazırda araşdırılır. ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

Sənədlərə görə, milyarder investor Ross vəzifəyə keçəndən sonra da Putin müttəfiqləriylə əlaqələri olan gəmiçilik şirkətinə bağlılığını saxlayıb.

79 yaşlı Ross-un nə vaxtsa "Navigator Holdings” adlı şirkətdə böyük payı vardı. Bu şirkət Rusiyanın Sibur enerji şirkəti üçün qaz daşıyıb.

Sibur qismən Gennadi Timçenkoya məxsusdur. O, Putinin dostudur və ABŞ-ın Rusiyaya Ukraynaya təcavüzündən dolayı qoyduğu sanksiyalar ona da aiddir. Siburun digər rəhbəri Putin-in kürəkəni Kirill Şamalovdur.

Ross-un investisiya şirkəti "Navigator"un ən böyük səhmdarı olduğu vurğulanır. O, fevralda vəzifəyə keçəndən şirkətdə şəxsi payı azaldılsa da, ABŞ hökumətinə məxsus faylla ona məxsus hissənin 2-10 milyon dollar olduğunu göstərir.

"The New York Times" yazır ki, Ross "Navigator"da payını Kayman adalarında mürəkkəb şirkətlər kompleksi vasitəsiylə saxlayıb.

Ticarət Departamentinin sözçüsü James Rockas isə bildirib ki, Rossun "Navigatorun Siburla biznes qurmaq qərarında iştirak etməyib, bu şirkət o zaman sanksiya altında da olmayıb”.

"Üstəlik, nazir Ross heç vaxt adıkeçən Sibur səhmdarlarıyla görüşməyib və indiyədək onların əlaqələrindən də xəbəri olmayıb”.

BBC yazır ki, sənədlər Kremlə bağlı maqnat Alişer Usmanov-un çirkli pulyuma məsələsiylə bağlı nəzarəti gerçəkləşdirən bir şirkətdə gizli payını üzə çıxarıb. Belə ki, BBC-nin yazdığına görə, Usmanov Bridgewatersun müştərisidir, onda payı da varsa, bu, maraqlar toqquşması yaradır.

Usmanov və Bridgewaters şirkət üzərində Rusiyanın nəzarətiylə bağlı deyilənləri "qəti təkzib edib”.

"Cənnət sənədləri” Britaniya kraliçası Yelizavetanın Kayman və Bermud adalarında fondlara milyonlarla dollar sərmayə yatırdığını üzə çıxarıb. Bu sərmayənin kraliçaya gəlir gətirdiyi, onun 650 milyon dollarlıq özəl mülkiyyətinin idarə olunduğu bildirilir.

Təhlilçilərin fikrincə, bu investisiya fəaliyyətində qanunsuz bir şey görünməsə də, kraliçanın Britaniyaya deyil, ofşora sərmayə qoyması tənqid oluna bilər.

AzadliqRadiosu