''Kabel şəbəkəsi yayımı haqqında'' qanun qəbul olundu

''Kabel şəbəkəsi yayımı haqqında'' qanun qəbul olundu

16-05-2017 17:39 / Bu xəbər 1114 dəfə oxundu

Qüdrət Həsənquliyev: ''Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet televiziyalarının  kabel yayımına imkanı olmalıdır''

"Kim istəyir bir kamera alır və xaricdə yayımlamağa başlayır, Azərbaycanla bağlı ağlına gələni çəkib istədiyi formada yayımlayır. Məsələn, kimisə tapıb Azərbaycanın əyaləti ilə bağlı guya ciddi problemlərin olduğu, vəziyyətin gərgin olması barədə danışdırıb yayımlayırlar. Biz araşdırıb yoxlayıb görürük ki, ümumiyyətlə, həmin bölgədə o adda adam yaşamır. Haradan tapıb, necə danışdırırlar heç kimin xəbəri olmur. O cümlədən cəbhə xəttində ötən il aprel döyüşləri zamanı da həmin şəxslər eyni yalan məlumatları bu şəkildə yayımlayırdılar. Bununla bağlı ciddi ölçü götürməliyik”.

Bu fikirləri Milli Məclisdə "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin ilk oxunuşda müzakirəsi zamanı deputat Siyavuş Novruzov səsləndirib. 

O qeyd edib ki, Azərbaycanda yayımlanan internet televiziyalarla bağlı qanun pozuntusuna qarşı sərt cəzalar tətbiq edilməlidir. "Bunların qarşısı alınmalıdır. İnsanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır” – deyə deputat bildirib.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  kabel televiziyalarının fəaliyyətini də tənqid edib: 

"Bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər. Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq”.
Siyavuş Novruzov
Siyavuş Novruzov

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, Azərbaycanda kabel televiziyaları vasitəsilə qonşu ölkələrin telekanalları yayımlanır.

"Məsələn, Rusiya telekanalları buna misaldır. Onların bir hissəsi musiqi və mədəniyyətlə bağlı olduğu üçün fəaliyyətlərində heç bir problem ola bilməz. Amma digər telekanallardan bəzən Azərbaycana qarşı zəhər yağır. Həmin telelviziya kanallarının yayımının dayandırılması məsələsi nizamlanmalıdır”.

Deputat təklif edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet televiziyalarının  kabel yayımına imkanı olmalıdır: 

"İnternet televiziyalarının müqavilə əsasında kabel yayımı ilə təmin olunması vacibdir . Yəni əgər yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Məsələn, kifayət qədər səviyyəli hər hansı internet televiziyasına "yox” deyilirsə, o zaman onlar da gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir”.

 Deputat deyib ki,  qanunda televiziyanın yayımı dayandırıldığı tədiqdə onun bərpası 24 saat müddətinə mümkündür: 

"Hesab edirəm ki, informasiya texnologiyaları əsrində bu qədər çoxdur. Əgər hər hansı qüsur varsa, yayımçıya onu 6-8 saat ərzində aradan qaldırmaq öhdəliyi qoyulmalıdır, əks halda, 24 saat çox böyük müddətdir”.

Müzakirələrdən sonra "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

17 maddə, 4 fəsildən ibarət olan qanun layihəsində ölkədə yayımlanan xarici telekanallarda reklamların qadağan olunması, Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində olmasının müəyyənləşməsi və sair məsələlər əks olunub.