Kalvalıların yolsuzluq dərdi

Kalvalıların yolsuzluq dərdi

23-02-2018 15:09 / Bu xəbər 1094 dəfə oxundu

"Döymədiyimiz idarə qapısı qalmayıb”

"Uşaqları məktəbə göndərə bilmirik. Su ilə dolu olan elə dərin xəndəklər var ki, uşaq düşər, boğular, heç kəs də xəbər tutmaz”.

Ağsunun Kalva kənd sakinləri belə deyir. Onlar illərdir ki, kənd yollarının düzəldilməsi üçün hökumətə müraciət edirlər. Lakin bu müraciətlər cavabsız qalır. Kalvalılar deyir, kənd yollarının təmiri üçün döymədikləri idarə qapısı qalmayıb.

Kənd sakini Adil Səfərov:

"Kəndin problemi çoxdur. Bir az yağış, qar düşəndə kənddəki həyat iflic olur. Ən vacibi isə yollarımızdır. Yağış yağır, uşaqlar yenə məktəbə gedə bilmir. Elə məhəllələr də var ki, qurunt, palçıq dizdəndir. Evdən çıxanda ayağımıza torba keçiririk”.

Əhalisinin sayı 3 minə yaxınlaşan Kalvanın əsas problemi 6-7 kilometrlik mərkəzi yolla bağlıdır. Bu yol Hacman, Xatman, Dilan, Suraxanı və Kalvanı birləşdirir. Qısa bir yolun təmir olunmaması bir neçə kəndin yüzlərlə sakininin əziyyət çəkməsinə səbəb olur.

Məsələn, Niyaldağ silsiləsinin ətəyində yerləşən Kalvada əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Burada torpaqların münbit olması əkinçiliklə məşğul olmağa imkan versə də, yolsuzluq bu imkanları məhdudlaşdırır.

Adil Səfərov:

"Kənd əhalisi əsasən özlərinə aid həyətyanı sahələrdə və ya bostanlarda əkin əkirlər. Normal yol olsa, böyük təsərrüfat işləri ilə də məşğul ola bilərik. İri və xırdabuynuzlu heyvan saxlayarıq, ətini, südünü, yununu bazara çıxararıq, dolanışığımızı az-çox təmin edərik. Yol əhali üçün hər şey deməkdir. Bizim kənddən çıxmağa normal yolumuz yoxdur”.

Sakinlər deyirlər ki, qar yağanda vəziyyət daha acınacaqlı olur. Yolların təmizlənməməsi üzündən adamlar evlərindən çölə çıxa bilmir. Kalva və yaxınlıqdakı digər kəndlər ərzaqsız və çörəksiz qalır. Yolları yağış suları və qar tutanda təcili yardım da xəstəyə yetişə bilmir.

Ağsu rayon İcra Hakimiyyətindən isə bildirilib ki, barəsində danışılan yollara vaxtaşırı çınqıl tökülür:

"Mərkəzi yolların təmiri ilə "Azəryolservis”, məhəllədaxili yolların təmiri ilə yerli kənd bələdiyyələri məşğul olur. Sakinlərdən yollarla bağlı daxil olan məktubları vaxtaşırı aidiyyati üzrə həmin qurumlara göndəririk və nəzarətdə saxlayırıq”. Qurumdan o da bildirilib ki, Kalva yoluna bir müddət əvvəl çınqıl tökülüb.///meydan.tv