Kamaləddin Heydərovun ferması və Azərbaycan kəndi

Kamaləddin Heydərovun ferması və Azərbaycan kəndi

20-07-2017 14:10 / Bu xəbər 2702 dəfə oxundu

Nazlı Ağayeva

Mətləbə birbaşa keçə bilməməyim həmişə ən çox əsəbiləşdiyim şeydir. Məsələn, demək istəyirəmsə, mən o vaxtlar cəmi ikiotaqlı məktəbdən və yalnız zəruri ərzaq məhsullarının satıldığı dükandan savayı ictimai tikilisi, yük maşınından başqa nəqliyyatı olmayan ucqar bir kənddə böyümüşəm, mütləq gedib 70-cı illərin sosial problemlərinə çıxıram. Hərçənd sovetin indiki sərbəst soyğunçulardan fərqli olaraq hər əmələ insan amilindən-zaddan bir don geyindərməsi vardı. Və neyləyəsən ki, bütün hallarda bunlar bizim milli tariximizin xəcalətli səhifələridir...

Birinci ferma

Kəndimizin üzünə gün orda sovetin sovet vaxtı böyük bir ferma tikintisi ilə doğdu. Urusyətdən gəlmə yaraşıqlı cins inəkləri o fermada çimizdirib darayır, saathesabı xüsusi qidalarla yedirib-içirdir, açıq havada gəzdirir, həkim nəzarəti altında bəsləyirdilər. İnəklər əllə deyil, aqreqatla sağılırdılar. Peyin və digər tullantılar kürək, yaba ilə atılmayıb xüsusi novlara axıdılırdı. İnsan əməyini o dövr üçün xeyli yüngülləşdirən "ferma şəhərciyi” kəndimizin girəcəyində salınmışdı. O səbəbdən böyüklərin sıx-sıx gəldiyi o kəndin bərbad yolu az vaxtda təzələndi, küçələrə işıq, evlərə su xətləri çəkildi.

Sovet yıxılar-yıxılmaz mədəni fermanın bəxtəvər inəklərini sığallayaraq onlara mehriban çıxışlar həsr edən məmurlar quduzlaşıb o heyvanları ferma qarışıq yeməyə başladılar. Bütün kəndin sabit iş-dolanışıq yeri olan içi dolu nəhəng tikililər bir neçə ayın içində yağmalanıb, talan edildi. Görürsüzmü, o boyda tarixin məntiqi sonunu hətta "çoxdanışan” mən iki cümlə ilə çatdıra bildim.

İkinci ferma

Üstündən uzun illər keçəndən sonra kəndimizə gələn yolun altı-yeddi kilometrliyində fövqəladə ferma peyda oldu. Əslində yuxarıdakı hekayətin tam xəyali variantı olan bugünkü əfsanəyə "ferma” deməyə adamın dili gəlmir. Tanımayanların Bakı-Tbilisi magistralından görünən möhtəşəm ünvanı hara və nə zənn edə biləcəkləri barədəki ehtimallarımı yazmıram. Şüşə kimi asfalt, bahalı güllər, bəzək və meyvə ağaclarından ibarət parklar, bol sulu həmişəyaşıl bitki örtüyü, yüksək yaşayış səviyyəsinin təminatı avro standartlara uyğun tikililər, kompüter, internet və sairə özəlliklər... Avropa mənşəli yüksək cinsə mənsub canlılar üçün yaradılan ideal şərait təbii ki, həştadıncı illərin rus inəyinin yuxusuna da girməzdi, necə ki, biz o zamanlar hayıl-mayıl olduğumuz "primitiv”mənzərəyə görə indi utanırıq. Həm də ona görə utanırıq ki, bir azdan özümüzün dəyişməyən həyatımıza dönəcəyik...

O dönüş bütün bu nağıllar aləmindən beşcə addım sonradan başlanan çala-çuxurlu bərbad yollardan, qupquru, susuz çöllərdən, kəndarası qaranlıq küçələrdən, nəsli kəsilməkdə olan "cır” inəklərdən və bir loxma çörəyini min əziyyətlə daşdan-kömürdən çıxardan yanıq adamlardan keçir. Torpağı dəyər-dəyməzinə əlindən alınıb suyunun qabağı kəslimiş yerli-yersiz əhalisi ilə, Kamaləddin Heydərovun avropalı inəklərinin dırnağı qədər dəyərdən məhrum vətəndaşlarlarıyla uzaqlarda tüstülənən o kənd bizim kəndimizdir... Uzatsam əlimi, danışsam dilimi yandıran o əzabkeş kənd bütöv Azərbaycandır...

Amma biz çox çobanları sürüsüz, çox sürüləri çobansız qoyan bu kinonu çox görmüşük. Cənab nazir də görüb, ondan daha böyük cənablar və xanımlar da görüblər. Sadəcə bütün eyni cür xoşbəxtlərin eyni yaddaş problemi var. Biz isə unutmadıq, unutmuruq!

Məsələ xoşbəxtlikdə, yaxud bədbəxtlikdə deyil, diqqətli olmaqdadır...

P.S. Heyvansevər olaraq fermadakı ideal şəraitə sayğımız var. Sadəcə ölkənin yalnız o xoşbəxt heyvanlardan ibarət olmadığını xatırlatmaq istədik.

Yazı müəllifin fikirlərini əks etdirir.

Meydan TV