"Kapital Bank" cəbhəyanı kənd sakinlərini get-gelə salıb - "15 gündür pulumuzu ala bilmirik"

25-10-2016 12:30 / Bu xəbər 811 dəfə oxundu

Tovuz rayonu Koxanəbi kəndinin sakini Nəsib Kamil oğlu Hüseynov tərəfindən Qaynarinfo.Az-a şikayət məktubu daxil olub.

Sərhədyanı kənd sakinləri Kapital Bankın Tovuz filialından şikayət edirlər. Səbəb isə, onlara veriləcək bank kartlarının məlum olmayan səbəblərdən gecikdirilməsidir. Kəndinin sakini  Nəsib Hüseynov Qaynarinfo.Az-a bildirdi ki, kənd cəbhə xəttinin yaxınlığındadır və hər dəfə 20 km məsafədə olan Tovuz rayonuna gedib gəlmək olmur. Üstəlik, əkin sahələri onlara ayrılan subsidiyaların vaxtında verilməməsi səbəbindən bata bilər. Bankın filial müdiri isə insanları get-gələ salıb:

"Atəş altında yaşadığımızdan tez-tez rayon mərkəzinə gedə bilmirik. 15 gündür ki, dövlətin ayırdığı vəsait bank hesabımıza köçürülsə də, istifadəçi kartlarını "Kapital Bank”-dan ala bilmirik. Kəndin 45 ailəsi get-gələ salınıb. Pay torpaqlarımızı əkib-becərmək vaxtı da bitir.  Bankın rayon filialı hər dəfə bir bəhanə uydurur.  Bankın əsas ofisi ilə isə əlaqə saxlaya bilmirik. Etdiyimiz zənglər də cavabsız qalır. Havalar soyuyur, torpağı əkib-becərmək də  çətinləşir.  45 təsərrüfatı "Kapital Bank” iflic vəziyyətinə salıb".

Məsələ ilə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinovla əlaqə saxladıq. Bank nümayəndəsi Qaynarinfo.Az-a bildirdi ki, artıq məsələ bankın diqqətindədir və tezliklə kartlar kənd sakinlərinə paylanılacaq:

"Məslədən xəbərdarıq. Bank kartlarını kənd sakinləri tezliklə əldə edəcəklər. Şikayətçi şəxslərə bu barədə məlumat verilib".

Kənd sakini Nəsib Hüseynov isə bildirdi ki, bank kartı onlara 10 gün ərzində verəcək: "Bu isə artıq gecdir və əkin sahələri tam yararsız hala düşəcək. 15 dəqiqəlik işi 10 günə uzatmağın adı nədir?".

Maraqlı sualdır, düşmənin atəşi altında olan bu kənd sakinlərinin probleminə biganə baxılmağın adı nədir? Bu insanlar əllərinin zəhməti ilə çalışıb öz çörəklərini qazanırlar. Üstəlik, ölkə başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi” haqqında müvafiq sərəncama əsasən onlara ayrılan subsidiyaların bank tərəfindən gecikdirilməsi cinayət deyilmi? İstifadəçi kartını ala bilməyən bu kənd sakinləri niyə 20 km get-gələ salınmalıdır?

Bu suallara cavab tapmaq istəsək də, bank nümayəndəsi bildirdi ki, bu müştəri ilə bank arasındakı problemdir. Bir sözlə, vəziyyət həm gülməli, həm də ağlamalıdır...