Karapetyan Paşinyanın görüş təklifini rədd etdi

Karapetyan Paşinyanın görüş təklifini rədd etdi

27-04-2018 13:42 / Bu xəbər 2473 dəfə oxundu

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanın görüş təklifi ilə razılaşmayıb. 

Nikol Paşinyan Karen Karapetyanı aprelin 27-si paytaxt Yerevanın "Mariott” mehmanxanasında mətbuatın iştirakı ilə görüşə çağırmışdı.

Novator.az-ın məlumatına görə, aprelin 27-si səhər Karen Karapetyanın mətbuat katibi açıqlama yayaraq bəyan edib ki, tərəflərdən birinin şərt diktə etdiyi, gündəliyi təkbaşına müəyyənləşdirdiyi halda görüşüb müzakirə aparmaq mümkün deyil.

Nikol Paşinyanla Karen Karapetyanın aprelin 25-nə planlaşdırılan görüşü də bu səbəbdən təxirə düşmüşdü.

Müxalif lider hakimiyyətin təhvil verilməsi, milli etimad hökumətinin qurulması və növbədənkənar parlament seçkisi keçirilməsi tələbləri qoyur.

Aprelin 9-da Respublika Partiyasının sədri Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. O, aprelin 17-də parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan baş nazir postundan istefa verib.

Etirazlara müxalif deputat Nikol Paşinyan başçılıq edib.

Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub. Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir.

Yeni baş naziri parlament seçməlidir. Nikol Paşinyan Respublika Partiyasının baş nazirliyə namizəd irəli sürməməsini tələb edir, hökumətə başçılığı öz üzərinə götürməyə hazır olduğunu deyir. Aprelin 26-sı Yerevanda keçirilən mitinqdə çıxış edən Nikol Paşinyan qeyd edib ki, ya özü baş nazir postunu tutacaq, ya da ölkədə ümumiyyətlə baş nazir olmayacaq.

Nikol Paşinyan 1975-ci ildə İcevan şəhərində doğulub. Uzun illər jurnalistika sahəsində çalışıb.

2008-ci ilin prezident seçkisində o, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. Həmin seçkini Serj Sərkisyan udub. Seçkinin nəticələrinə qarşı aksiyaların yatırılması 10 nəfərin ölümünə gətirib.

Nikol Paşinyan həmin aksiyalarda iştirakına görə 2010-2011-ci illərdə həbsdə yatıb.

2012-ci ilin parlament seçkisinə Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2013-cü ildə Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədri seçilib. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə "Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən aprelin 13-dək Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyanın süqutundan sonra da aksiyalar səngimir, hakimiyyətə Nikol Paşinyanın gəlməsi tələb edilir.