Kataloniya müstəqil olacaqmı?

Kataloniya müstəqil olacaqmı?

02-10-2017 00:57 / Bu xəbər 2586 dəfə oxundu

Şəfi Şəfiyev

Yaşadığımız 2017-ci il dünyada xeyli siyasi hadisələrlə yadda qaldı. Son günlər dünyada ən çox müzakirə olunan məsələ Kataloniya əyalətinin İspaniya krallığından ayrılmaq istəməsi ilə bağlı keçirilən referendumdu. Krallığın şimal-şərqində yerləşən muztar vilayət Kataloniya hələ uzun müddətdir ki, müstəqil olmaq iddiasına düşüb. Bu məqalədə Kataloniyanın müstəqil olması üçün İspaniya höküməti ilə mübarizəsindən doğan ən maraqlı suallara cavab tapmağa çalışdıq. Əsas sual isə budur: niyə Kataloniya müstəqilliyə can atır?

1. Tarix

Kataloniya tam olaraq İspaniyanın tərkibinə lap uzaq keçmişdə yox, cəmi 300 əvvəl daxil olub. Xeyr, katalanlar bunu könüllü olaraq etməyiblər. Hələ 17-ci əsrin sonlarında Kataloniya və Araqon torpaqları müəyyən qədər Madrid hökümətindən asılı olsa da, qismən də olsa azadlıqlarını qoruyurdu. Tarixə İspaniya müharibəsi adı ilə düşən və 1699-1714 illər aralığında davam edən müharibə zamanı katalanlar hersoq Karlın rəhbərlik etdiyi Habsburqlar sülaləsini dəstəkləyirdi. İllər sonra isə özləri  müharibədə qalib gəlmiş Burbunov sülaləsindən olan kral Filipp Anjoya (V Filipp) qarşı çıxmağa başladı. Uzun sürən döyüşlərdən və 13 aylıq mühasirədən sonra V Filipp 1714-cü ildə axır ki, Barselonanı ələ keçirə bildi. Məhz bu hadisədən sonra katalan xalqının sözün əsl mənasında qara günləri başladı. V Filipp katalanlara qarşı bəşər tarixinin bəlkə də ən amansız repressiyalarını törətdi. Kral Barselonada özünüidarə sistemini tam yox etdi, yerli əhaliyə katalan dilində danışmağa qadağa qoydu, Barselona universiteti bağlandı, şəhərdə özünə məxsus qala tikildi və baş verəcək hər hansı üsyanı yatırmaq üçün ordu yerləşdirildi. Katalanlar nə az, nə çox düz bir əsr yarım ispan kralının qəddarlıqları altında əzildi. Lakin onlar heç vaxt öz qürurlarını sındırmadı və Madrid hökümətinə heç vaxt tabe olmaq haqda düşünmədi. İspaniya qoca qitədə nüfuz sahibi olsa da, katalanlar bu dövr ərzində onların başına gətirilənləri unutmadı. Nəticədə isə bu xalqın azadlıq arzusu genetic kodunun bir hissəsinə çevrildi.

2. İqtisadiyyat

Təbii ki, heç bir ərazini iqtisadiyyatsız təsəvvür etmək mümkün deyil. Siyasət varsa, deməli iqtisadiyyat da var. Və ya əksinə. Sözsüz ki, Kataloniya İsoaniya iqtisadiyyatının bir nömrəli mühərrikidi. Kataloniya İspaniyanın 17 bölgəsi arasında ən böyük iqtisadiyyata malik bölgədi. Kataloniyada adam başına düşən ÜDM İspaniya ortalamasından 20 % çoxdu. İspaniya höküməti Kataloniyanın əsas iqtisadi potensialını ölkənin daha kasıb və aqrar bölgələri olan Əndəlusiya, Qalissiya və digər ərazilərə yönləndirir. Bununla da ölkədə sosial vəziyyəti tarazlı vəziyyətdə qorumağa çalışır. Təbii ki, baxarıqlı və xəsis katalanlar üçün bu sərf eləmir. Üstəlik, İspaniya hpküməti katalanların vergi sistemində islahatların aparılması ilə bağlı bütün təklifləri qətiyyətlə rədd edib. Bir sözlə, katalanlar tarixi torpaqlarından əldə olunan gəlirlərin ispanların daha yaxşı həyatı üçün xərcləməsinə qarşıdı. Bundan əlavə, katalanlar öz istədikləri iqtisadi-sosial həyatı qurmaqdan məhrumdular. 

3. Siyasət

İspaniya tarixinin böyük hissəsində bir mərkəzdən idarə olunan monarxiya olub. Mütləqiyyətin miras qalması ispan siyasətçilərin DNK-na hopub. Bu üzdən indinin özündə belə kiçik bir vilayətlərin müqəddəratı da məhz Madriddən idarə olunur. Mərkəzin icazəsi olmadan Kataloniya höküməti istədiyi kimi avtomobil və dəmir yolları çəkə bilmir. Baxmayaraq ki, iqtisadiyyatının 2/3 hissəsi ölkənin şimal-şərqində və şimalında - aralıq dənizi ətrafında cəmləşib, İspaniyada bütün əsas avtomobil və dəmir yolları ölkənin düz mərkəzindən keçir. Bir sözlə - İspaniyada bütün yollar Madriddən, Kral sarayının önündən keçməlidi. Ölkənin ən böyük iki və üçüncü şəhəri olan Barselona ilə Valensiyanı birləşdirən müasir dəmiryolu indinin özündə belə yoxdu. Bu şəhərlər arasında heç pulsuz avtomobil yolu çəkilməyə icazə verilmir. Lakin ölkənin hər əyalətindən Madridə ən müasir sürətli qatar xəttləri, pulsuz avtomobil yolları var. İndi özünüz cavab verin – bu nəyə xidmət edir və kimin pulu ilə çəkilir?

4. Dil, mədəniyyət və özünü identifikasiya

Katalan dili iki əsrdən çox davam edən repressiyalara, müxtəlif qadağalara baxmayaraq, hələ də yaşayır və əyalətdə yaşayan əhalinin 90 faizi bu dildən istifadə edir. Amma İspaniya hökümətinin bu dili boğmaq cəhdləri hər zaman davam edib, indi də etməkdədi. İspaniya höküməti və Konstitusiyası katalanları bir xalq olaraq tanımır və ona öz müqəddəratını həll etmək hüququ vermir. Halbuki katalanlar bütün ümumi meyraları nəzərə alsaq, öz dili, tarixi yaşayış yeri və milli özünü identifikasiya etmiş xalqdır.

5. Kataloniyada siyasi vəziyyət

Kataloniyada artıq 10 ildən çoxdu ki, müstəqil olmaq işartıları aktiv formada davam edir. 2010-cu ildə İspaniya Konstitusiya Məhkəməsi əksər katalanların referendumda dəstəklədiyi gələcəkləri ilə bağlı mühüm maddələrdən ibarət nizamnaməni tanımadı. Məhz bu, bölgədə separatçılıq hisslərinin oyanması üçün detonator rolunu oynadı. Son 7 ildə Kataloniyanın müstəqil olmasını istəyənlərin sayı bir neçə dəfə çoxaldı. Hazırda bu göstərici bölgə əhalisinin 60%-dən çoxdu və müstəqil olmaq arzusu ilə alışıb-yananların sayı günü-gündən artır. Lakin İspaniya höküməti məhqurur dəvəquşu şəklində dayanıb, hər şeyin qaydasında olduğunu, Kataloniyada insanların ayrılmaq barədə düşünmədiklərini bildirir.  2012-ci ildən etibarət katalanlar hər dəfə milyonlarla imzadan ibarət manifestlər hazırlayır və müstəqilliyi dəstəklədiyini açıq-aşkar şəkildə göstərirlər. Onlar artıq 5 ildi ki, "referendum” səslərini Madrid tərəfə eşidə biliblər. 2016-cı ildə Kataloniyada keçirilən seçkilər zamanı müstəqilliyi dəstəkləyən namizədlər parlamentdə çoxluq qazana bildi. Yeni hökümət seçkidən dərhal sonra referendumun keçirilməsi üçün vacib qərar qəbul etdi. Məqsəd Kataloniyanı İspaniyadan ayırmq oldu. Artıq oktyabrın 1-i göslənilən referendum baş tutdu. Lakin ispan polisinin vəhşiliyi, dəyənəyi və su şırnağı altında. İndiki vəziyyətdə görünən odu ki, həqiqət anı gəlib çatıb. Kataloniya höküməti yaxşı anlayır ki, prosesin uzanması xalq üçün bir "xərçəng” effekti verə bilər. Odu ki, dəmiri isti-isti formaya salmaq lazımdır. 

6. Epiloq

İspaniya ilə Kataloniya arasındakı siyasi konflikti bu iki xalqın simvolu olan buğa ilə eşşəyin başa-baş gəlməsinə bənzəyir. Hakimiyyətdə olan aqressiv buğa çox sakit, amma təmkinli və inadkar eşşəklə üz-üzədi. Zəhmətsevər uzunqulaq xeyli müddətdi gözləyir ki, haçansa ona da kök verəcəklər. Amma əvəzində zamanla qamçıdan başqa heç nə qazanmayıb və sonda səbr-kasası daşdı. Nəticədə eşşək öküzə qarşı üsyana başladı, sakit, dinc və inadkar üsyana. 

P.S. İspaniya polisinin törətdikləri şiddəti qınayıram. Bu, demokratiyanın səsini boğmaqdır. İnsanlar öz hüquqlarından istifadə edib, dinc formada etiraz edirlərsə, xalq öz müqəddəratını həll etmək istəyirsə, buna imkan yaratmaq və siyasi düyünü masa arxasında açmaq lazımdı. Amma İspan höküməti öz polisi vasitəsilə bunu həll etmək istəyir. Hazırda 100-dən çox yaralı var. İnanmaq istəyirəm ki, Avropa Birliyi bu məsələyə biganə qalmayacaq. 

Yazı müəllifin bloqundan götürülüb. Müəllifin mövqeyi ilə Arqument.z-ın mövqeyi üst-üstə düşməyə bilər.