Kəmaləddin Heydərova müraciət

Kəmaləddin Heydərova müraciət

20-05-2016 15:31 / Bu xəbər 2627 dəfə oxundu

İş adamı Sadiq Mustafayev başına gələn haqsızlıqla bağlı "Azadlıq” qəzeti vasitəsilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.
 
Sadiq Mustafayevin ilginc faktların əks olunduğu müraciətini olduğu kimi təqdim edirik: "Mən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin sabiq əməkdaşı Əli Məlikov tərəfindən aldadılmışam.

Mən iş adamıyam, Əli Məlikov bunu bilib münasibətimizdən istifadə edərək 2012-ci ilin aprelində 600 min dollar almış, bu günə qədər də tam qaytarmamışdır. Pulumu tələb etdikdə yaxın və nüfuzlu qohumları da bu məsələyə qatılmış, mübahisəmiz daha da dərinləşmişdir. Həmin qohumlarından biri də qaynatası cənab Sahib Qarayevdir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə Institutunda direktor vəzifəsində işləyir. Əli Məlikovdan şikayət edəndə Sahib Qarayev qızının və nəvələrinin xətrinə bu işdə mənə köməklik edəcəyini və məsələ ilə maraqlanacağını bildirmişdir. Onun təşəbbüsü ilə görüşdük, kürəkəninin borcu barədə ətraflı bildirdim. Borcun cüzi bir hissəsi mənə qaytarıldı. Demə, bunlar oyun imiş. Sahib Qarayev mənə işləmək, borcun əvəzini işlə çıxmaq üçün şərait yaradacağını vəd etdi. Inandırmaq üçün görəcək işin eskiz-layihəsini verdi, konkret iş yerləri göstərdi. Görüləcək işləri borcun bir hissəsi kimi hesablayaraq, qalan borcun 100 min dollar olması barədə öz aramızda qəbz aldı. "Mən Hacıyam” deyib aldığı qəbzi sonradan istintaq orqanlarına sübut kimi təqdim edərək kürəkəninin borcunu 600 min dollar deyil, 100 min dollar olduğunu sübut etməyə çalışdı. Üstəlik, mənim ona arxayın olub kürəkənindən şikayət etmədiyim müddətdə Əli Məlikovun əmlakını gizlətməsinə şərait yaratdı.

Görüşlərimizin birində o bildirdi ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tikiləcək 104 saylı məktəbin tikintisində bəzi işlərin görülməsini mənə təşkil edə bilər, amma bunun üçün əvvəlcədən bir qədər pul verilməlidir. Mən düşündüm, vəziyyətdən çıxmaq üçün 20 min dollar məbləğində pulu Sahib Qarayevə verdim. Lakin sonradan həmin iş də mənə verilmədi. Layihə sənədləri isə bu günə qədər məndədir. Sahib Qarayevin əməlləri barədə bir sıra dövlət orqanlarına yazmışam. Cənab Kəmaləddin Heydərovun qəbuluna düşmək istəmişəm. Lakin düşə bilməmişəm.

Ümidlə sizə müraciət edirəm. Inanıram ki, cənab nazir bu ərizəmlə tanış olacaq, məni qəbul edib dinləyəcəkdir”.