Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olundu – 7 il

Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olundu – 7 il

26-02-2018 15:18 / Bu xəbər 1700 dəfə oxundu

Abşeron rayonu, Məhəmmədi kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyev məhkəmə zalında həbs edildi. 

Bu, fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Yarım ildən çoxdur ki, məhkəmədə V.Nəbiyevin işinə baxılırdı. 

Bir neçə nəfəri aldadıb pulunu ələ keçirməkdə suçlanan keçmiş bələdiyyə sədri CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. 

İttihama görə, o, adamlardan torpaq ərazisi satmaq adı ilə pullarını alıb. Amma nə torpaq satılıb, nə də verilən pullar geri qaytarılıb.

Zərərçəkmişlər arasında 5, 10, 15 min manat verənlər var. Amma ən böyük məbləğ Ülviyyə Abdalovadadır. 

V.Nəbiyev elə Abdalovanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. 

Ü.Abdalova Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətində yazıb ki, bələdiyyə sədri ondan 353 min manat pul alıb və qaytarmayıb. Bundan sonra Nəbiyev həbs edilsə də, sonradan qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Sabiq bələdiyyə sədri özünü təqsirli bilmir. İş üzrə zərərçəkmiş qismində tanınanların bir neçəsindən pul aldığını təsdiqləsə də, dələduzluq etmədiyini, borc aldığını və qaytaracağını söyləyib. 

İstintaq və məhkəmə dövründə zərərçəkmişlərin bəzilərinin pulları qaytarılıb, bundan sonra onlar Nəbiyevdən şikayətçi olmadıqlarını bildiriblər.

Bu cinayət işi məhkəməyə göndəriləndən sonra sabiq bələdiyyə sədrindən yeni şikayətlər ortaya çıxıb və haqqında daha bir iş başlanıb. 

V.Nəbiyevə fevralın 26-da hökm oxunsa da, digər işi üzrə məhkəmə prosesi davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.///azadliq.org