Keçmiş deputat Ukraynaya səfir təyin edildi

Keçmiş deputat Ukraynaya səfir təyin edildi

12-03-2020 14:56 / Bu xəbər 874 dəfə oxundu

Prezident Yaponiya və Çexiyaya da səfirlər təyin edib

Keçmiş deputat Elmira Axundova prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Azər Xuduyevi əvəz edib.

Filologiya elmləri namizədi Elmira Axundova Milli Məclisin III (2005), IV (2010) və V çağırışlarında (2015) deputat mandatı daşıyıb. O, 1953-cü ildə Moskva vilayətinin Ramensk rayonunda doğulub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib.

ADU-nun filologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elmira Axundova deputat olmazdan əvvəl AzadliqRadiosunda çalışıb.

2017-ci ilin iyununda E.Axundovanın oğlu Həbib Axundova məxsus yaxtada model Günel Mirzəyeva müəmmalı şəkildə dənizdə boğulub. Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Üç gün ərzində fasiləsiz aparılan axtarışlardan sonra G.Mirzəyevanın meyiti sudan tapılaraq ailəsinə verilib.

Eyni zamanda, sabiq deputatın adı 2018-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində adı hallanır. İyulun 12-də məhkəmədə ifadə verən Fərman Məmmədov bildirib ki, Elnur İbrahimovu deputatın oğlu Həbib Axundovun vasitəsilə tanıyıb, pulu da deputat oğluna verib. 2018-ci ilin avqustunda Binəqədi Rayon Məhkəməsində deputatın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə qərar çıxarılıb.

Prezidentin digər sərəncamları ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada, Adış Sakit oğlu Məmmədov isə Çex Respublikasında səfirləri təyin ediliblər.