Keçmiş deputata hökm oxundu

Keçmiş deputata hökm oxundu

24-07-2017 14:41 / Bu xəbər 1388 dəfə oxundu

Zamində olan şəxs məhkəmə zalından həbs edildi

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank”dan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat, iş adamı  Dünyamin Xəlilov və digərlərinin məhkəməsi yekunlaşıb. 

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda çıxış edən Dünyamin Xəlilov ittihamların əsassız olduğunu, bankdan götürdükləri pulların xarici ölkələrdə olan layihələrə xərcləndiyini deyib. Bildirib ki, maliyyə vəsaiti mənimsənilməyib: 

"Yeddi il əvvəl ayrılan pulların hara xərclənməsini araşdırmaq üçün ekspert qrupu yaradılıb, cinayət işi başlanıldı. Onlar Albaniyada, Türkiyədə və Dubayda oldular, layihələrimizlə maraqlandılar. Yalnız bundan sonra cinayət işinə xitam verdilər. İndi necə olur ki, yenidən eyni ittihamla illər sonra cinayət işi açılır? Mənimsəmə necə ola bilər ki, biz görmədiyimiz pulu mənimsəyirik? Mən vergidən yayınmamışam, özümü təqsirli bilmirəm, xahiş edirəm barəmdə bəraət hökmü çıxardasınız”.

Daha sonra iclasda hökm elan edilib. Hökmə əsasən, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, zamində olan təqsirləndirilən şəxs Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib və zalda həbs edilib. 

Seyfulla Seyfullayev və Fərhad Əmiraslanov da 5 il həbs cəzası alıb və zalda həbs ediliblər

Hökmə əsasən digər təqsirləndirilən şəxslərin barəsində şərti cəza təyin edilib. Bundan əlavə

Vergilər Nazirliyinin mülki iddiası təmin edilib. D. Xəlilovun üzərinə həbs qoyulmuş əmlakları

vurulmuş ziyanın ödənilməsinə yönəldilib. Təqsirləndirilən şəxslərdən vurulmuş ziyanın (50 milyon manat) müştərək qaydada tutulmasına qərar verilib.

2015-ci ilin yayından "Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. D. Xəlilov ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, dələduzluq və vergidən yayınmada ittiham edilir.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.