Kənd yaşayış məntəqərində məişət tullantılarının idarə edilməsi: məsuliyyət kimin üzərindədir?

Kənd yaşayış məntəqərində məişət tullantılarının idarə edilməsi: məsuliyyət kimin üzərindədir?

18-10-2019 14:51 / Bu xəbər 1254 dəfə oxundu

Məişət tullantılarının cəmiyyətə, insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb edilməsi hazırda bütün dünyada ən çox diqqət yetirilən məsələlərdən biridir. 

Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. 

Son illər ölkəmizdə xüsusilə Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işlər diqqəti cəlb edir. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində məişət tullantılarının toplanması, emal edilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi hərəkətlilik müşahidə olunmur. 

Bölgələrdə, xüsusilə kənd yerlərində məişət tullantılarının düzgün idarə edilməsi, ilk növbədə, müvafiq sistemin qurulmasını, məsul qurumların dəqiq müəyyən edilməsini, onların hüquq və səlahiyyətlərinin dəqiq təyin edilməsini tələb edir.  

Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində ekspertlər ("Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” layihəsi) kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumunu araşdırıblar.  

Araşdırmalar göstərir ki, mövcud qanunvericiliyə əsasən, kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində vəzifə və səlahiyyətlərə malik dövlət qurumlarına aşağıdakılar aiddir: 

• Ekologiya və Təbii Sərvətlər nazirliyi
• Səhiyyə nazirliyi 
• Yerli icra hakimiyyəti başçıları.

Bu dövlət qurumları ilə yanaşı yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində bələdiyyələrin üzərinə də müəyyən öhdəliklər qoyulub.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Əsasnaməsində onun əsas vəzifələri sırasında aşağıdakılar da göstərilib:

• Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirmək; 
• Ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərini müəyyən edir və ona nəzarəti həyata keçirmək.

Səhiyyə nazirliyinin Əsasnaməsində ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq nzairliyin əsas vəzifələri sırasına daxil edilib. 

Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdı-rılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində yerli icra hakimiyyəti başçısının vəzifələrinə (3.7-ci bənd) aşağıdakılar aiddir:

• müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
• müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir;
• məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür;
• insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil edir.

Əsasnamənin 4-7-ci bəndində insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində yerli icra hakimiyyəti başçısının səlahiyyətləri təyin edilib. Burada məişət tullantılarının idarə edilməsi sahəsində yerli icra haimiyyəti başçısına aşağıdakı səlahiyyətlər müəyyən edilib:

• əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının müvafiq ərazidə icrasını təşkil etmək;
• müvafiq ərazidə müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena tədbirlərini və epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətini əlaqələndirmək, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına dair yerli proqramlar hazırlamaq və təsdiq etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, habelə bu məsələlərə dair dövlət proqramlarının həyata keçirilməsini təşkil etmək, əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyri-yoluxucu kütləvi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınması və ləğvi istiqamətində operativ tədbirlər təşkil etmək, habelə müvafiq ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarlar qəbul etmək;
• şəhərin, rayonun və şəhər rayonunun yerli ekoloji proqramlarının və ətraf mühitin mühafizəsi tədbirlərinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin etmək;
• müvafiq ərazidə ətraf mühitin mühafizəsini təşkil etmək, hüquqi və fiziki şəxslərin hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün tədbirlər görmək;
• su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək və s...

Yuxarıda qeyd olunduğu kimi, Əsasnamənin 3.7-ci bəndinə əsasən, yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görmək bilavasitə yerli icra hakimiyyəti başçısının vəzifəsinə aiddir. 

Bununla yanaşı Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununa (2 iyul 1999-cu il) əsasən bələdiyyələr yerli ekoloji proqramlar işləyib həyata keçirə bilərlər. Qanunda gğstərilir ki, "Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. 

Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər” (maddə 6). Orada habelə vurğulanıb ki, bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. 

Gördüyümüz kimi, Qanuna əsasən bələdiyyələrin bu sahədə fəaliyyəti əsasən "dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq” həyata keçiriləsi işləri əhatə edir. Eyni zamanda bu cür proqram və fəaliyyətlərin maliyyələşdirilməsi bələdiyyənin öz hesabına həyata keçirilməlidir. 

Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 23-cü və 25-ci fəsillərində nəzərdə tutulan halları mişət tullantılarının idarə edilməsi qaydalarının əleyhinə olan inzibati xətalara aid etmək olar. 

Məcəllənin 23-cü fəsli əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar adlanır.  Məcəllənin 21-ci maddəsində müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə - yüz manatdan iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. 
Məcəllənin 25-ci fəsli isə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları əhatə edir. 

Məcəllənin 244-cü maddəsində göstərilir ki, torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə: 
• fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
• vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, 
• hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 266-cı maddəsi bilavasitə istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması hallarını tənzimləyir. 

Beləliklə, araşdırmalar göstərir ki, hazırda mövcud olan hüquqi şərtlər, ilk növbədə "İstehsalat və məişət tullantıları haqqında” Qanunun və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri kənd yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsini öhdəlik olaraq yerli icra hakimiyyəti orqanlarının üzərinə qoyur. Lakin reallıqda bu səlahiyyət icra edilmir. 

İcra hakimiyyətlərinin tabeçiliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatları yalnız rayon mərkəzlərində və digər respublika əhəmiyyətli şəhərlərdə həmin xidmətlərin göstərilməsilə kifayətlənir, kənd ərazilərində anoloji xidmətin icrasına dair hüquqi tələbin olmadığını əsas gətirirlər. 

Problem ondadır ki, mənzil-kommunal təsərrüfatlarının fəaliyyətini tənzimləyən ayrıca əsasnamə və ya digər hüquqi sənədlər olmadığından vətəndaşlar və ya onlaırn maraqlarını müdafiə edən ictimai təşkilatlar bu sahədə səlahiyyətli dövlət qurumları qarşısında iddia və tələblə çıxış edə bilmirlər. 

Xüsusilə də 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsində mənzil istismar sahələrinin və onların kommunal xidmət strukturlarının fəaliyyətinin hüquqi tənzimlənməsinə dair heç bir müddəa yoxdur.

Buna görə də qanunvericilikdə kənd yerlərində məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirilməsi məsələləri üzrə səlahiyyətlərin konkret qurumlar üzrə dəqiq müəyyən edilməsinə ehtiyac var. Fikrimizcə, kənd yerlərində məişət tullantılarının toplanması və daşınması vəzifəsi bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsi daha məqsədəuyğundur. 

Azər Mehtiyev,
İqtisadçı ekspert