Kəndlilər: "Şilyanı niyə görən yoxdur?"

Kəndlilər:

01-10-2018 15:30 / Bu xəbər 2128 dəfə oxundu

"Uşağın ayaqqabısından palçıq qaşımaqdan yorulmuşuq”

Kürdəmirin Şilyan kəndinin bir qrup sakini kəndarası yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.

"Kəndə gedən 12 kilometrlik yol bərbad durumdadır. Qarşıdan da qış gəlir. Yenə yayda toz-duman olurdu. İndi onu palçıq əvəzləyəcək. Vəziyyət daha da ağırlaşacaq. İllərdir kənd camaatı bu vəziyyətə dözür. Artıq dözülməz həddə gəlib çıxıblar. Televiziyalarda hər gün kənd yollarının bərpasından, təmirindən və s. danışırlar. Hanı, Şilyanı niyə görən yoxdur?” - kənd sakinlərindən Vilayət Abışov belə deyir.

"Uşaqlar məktəbə güc-bəla ilə gedib-gəlirlər"

V.Abışov bildirir ki, bu yolların hamısı Kürdəmir Rayon İcra Hakimiyyətinin balansındadır. Deyir, kənd camaatı problemləri ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər, ancaq bir xeyri olmayıb:

"Rayonun ən böyük kəndidir. Burada iki orta məktəb var. Onlardan biri natamam, digəri tam orta təhsil verir. Məktəblərin yüzlərlə şagirdi var. Onlar qışda məktəbə gedərkən çox əziyyət çəkirlər. Kəndarası yollar da bərbad vəziyyətdədir. Xüsusən də qış aylarında insanlara çox çətin olur. Uşaqlar məktəbə güc-bəla ilə gedib-gəlirlər. Hamısı palçığın, tozun-torpağın içindədir. Halbuki, elə məktəbə gedən yollar asfaltlansa, belə olmaz”.

"Başdangetdi iş görür, canlarını qurtarırlar"

Sakinlərdən Gülayət Məmmədova isə deyir ki, bəlkə də yolların asfaltlanması üçün dövlət büdcəsindən vəsait ayrılır. Ancaq kənddir deyə baxan yoxdur, ya da başdangetdi iş görür, canlarını qurtarırlar: "Öyrəşiblər axı, səsimizi çıxarmırdıq heç vaxt. Artıq dözmək mümkün deyil. Uşağın ayaqqabısından palçıq qaşımaqdan yorulmuşuq. Bir neçə dəfə təmir ediblər, düzdür. Ancaq necə ediblərsə, bir neçə ay sonra yenə həmən-həmən olub. İstifadəyə yararsız vəziyyətə düşüb. İnsanlar bundan çox əziyyət çəkirlər”.

"Ayrılan pullar nəməlum şəxslərin cibinə axır"

Vilayət Abışov deyir ki, Nazirlər Kabineti Kürəmir Rayon İcra Hakimiyyətinə Şilyan yolunun 12 kilometr təmirsiz hissəsi üçün vəsait ayırsa da, pullar nəməlum şəxslərin cibinə axır: "Pul ayrılır, yuxarıdakılar düşünürlər ki, bəli, ayırdıq, problem həll ediləcək. Ancaq Kürdəmir Rayon İcra Hakimiyyəti ya yolları təmir etmir, ya da başdangetdi bir şey edir. O da tez bir zamanda uçub-tökülür. Yenə köhnə hamam, köhnə tasa dönür”.

"Qışda palçıqdan, gölməçədən keçmək mümkün olmur"

Kənd sakinləri kənddaxili yolların, xüsusən də Şilyana gedən 12 kilometrlik yolun bərbad olmasının onların gündəlik yaşantılarına mənfi təsir göstərdiyini söyləyirlər. Uşaqlarının məktəbə getməsinin, özlərinin işə, çölə-bayıra çıxmalarının problem olduğunu deyirlər:

"Yayda toz-torpaqdan bezirik. Peşmandı bir maşın keçə. Evlərimizin içi qalaq-qalaq toz olur. Silməkdən, təmizləməkdən də bezmişik. Uşaqlarımız məktəbdən sapsarı tozun içində dönür. Qışda da palçıqdan, gölməçədən keçmək mümkün olmur. Bu dəfə də uşaqlar evə suyun, palçığın içində gəlirlər”.

"Kəndarası yolları da abıra salsınlar"

Sakinlər belə yaşamağın çətinliyindən gileylənirlər: "Biz hansı dövrdə yaşayırıq ki, qışda ayağımıza sellofan keçirib harasa gedək, yaxud rezin çəkmələrdə tapaq çarəni. Olmur, belə yaşamaq çətindir. Kənd olanda, kəndçi olanda nə olar? Gərək elə palçığın, tozun içində yaşayaq? Xahiş edirik, bizim kəndə gələn 12 kilometrlik yolun normal, keyfiyyətli təmirini həyata keçirsinlər. Bir də mümkünsə, kəndarası yolları da abıra salsınlar. Əgər maddi imkanımız əl versəydi, bunu özümüz də edərdik. Təəssüf ki, təsərrüfatdan qazandığımız 3-5 manat ailəmizi dolandırmağa güclə yetir. Yol təmiri isə kifayət qədər vəsait tələb edən işdir”.

"Prezident: Bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıb"

Prezident İlham Əliyev çıxışlarının birində yol infrastrukturuna görə Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə olduğunu söyləyib:

"Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıb”.

"Yüzlərlə kəndə yol çəkilib"

Prezident bu gün yüzlərlə kəndə yol çəkildiyini də söyləyib: "Bu ümumi layihənin şərti adı "Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, "Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır”.

İcra Hakimiyyəti: "Gələn il həmin kəndin yolla bağlı problem qalmayacaq"

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin baş memarı Məhəmməd Hidayətov bildirib ki, Şilyan kəndinin yol problemindən xəbərdardırlar:

"Həmin kəndin yol problem ilə bağlı müraciətləri dəyərləndirmişik. Həmin kəndin problem 2019-cu ildə həll ediləcək. Bu kəndin yollarının bərbad olmasını 2019-cu ilin planına daxil etmişik. Həmin siyahı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilib. Gələn il həmin kəndin yolla bağlı problemi qalmayacaq”.