Kərə yağının Azərbaycana idxal rüsumu üç dəfə aşağı salınıb

Kərə yağının Azərbaycana idxal rüsumu üç dəfə aşağı salınıb

07-11-2017 18:52 / Bu xəbər 114 dəfə oxundu

Natiq Cəfərli: "Bazarda yağın qiyməti 50 qəpik – 1 manat arası aşağı düşə bilər”

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

Qərar rəsmi mətbuatda dərc edilib. Qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-ə qədər qüvvədə olacaq.

Bununla da idxal olunan kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 15 faizdən 5 faizə qədər endirilir.

APA-nın Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib ki, idxal rüsumlarının azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək.

"Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı”, - deyə qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, əhali bunu tez bir zamanda hiss edəcək.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli deyir ki, gömrük rüsumlarının aşağı salınması ilə bağlı qərar yağın qiymətində az da olsa ucuzlaşmaya səbəb olacaq: "Gömrük rüsumlarının üç dəfə aşağı salınması qiymətin üç dəfə aşağı düşməsi anlamına gəlmir. Rüsumların 5 faizə salınması yağ qiymətlərində təxminən 50 qəpik və ya 1 manat arası enməyə səbəb olacaq”, - N.Cəfərli deyib.

İqtisadçılar oktyabr ayında Gömrük komitəsini və idxalçıları yağın qiymətinin bahalaşmasında ittiham etdilər. Son iki ayda Azərbaycanda "Anchor” yağının qiyməti 13 manatdan 17, "Westgold” yağı isə 15 manat 20 qəpikdən 18 manat 40 qəpiyə qədər yüksəlib.

N.Cəfərli Gömrük Komitəsini Yeni Zelandiya yağının Azərbaycanda 18, Gürcüstanda isə 10 manata satılmasına izah verməyi təklif etdi. Deputatlar da bu mövzudan kənarda qalmadılar.

Oktyabrın 2-də Milli Məclisdə deputat Çingiz Qənizadə yağın bahalaşmasından danışıaraq, seçicilərin bundan şikayət etdiyini deyib.

"Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilənlərin qiymətindən bahadır? Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? Yeddi-səkkiz ay bundan əvvəl 10 manat idi. Mən buna cavab tapa bilmirəm”.