Kərəm Həsənov media patronu olmağa hazırlaşır

Kərəm Həsənov media patronu olmağa hazırlaşır

26-06-2016 16:09 / Bu xəbər 1252 dəfə oxundu

Son dövrlər mətbuatın gündəmindən düşməyən məmurlardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində hallanan, "MTN çetesi"nin bir çox cinayətlərinə qarışdığı iddia olunan komitə sədrinin vəzifəsini itirəcəyi gözlənilirdi.

Amma bu baş vermədi. Kərəm Həsənov vəzifəsini yox, səlahiyyətlərindən bəzilərini itirməklə canını qurtardı. Hətta bəzi özəlləşdirmə sahələri belə onun əlindən alındı. Təkcə bu fakt artıq Kərəm Həsənovun hakimiyyət üçün etibarlı kadr olmadığını göstərir. Bir vaxtlar hakimiyyətin yuxarı eşalonunun ən etibarlı kadrlarından olan komitə sədrinin bu vəziyyətə düşməsinin səbəbi yuxarıda qeyd etdiyimiz kimi Eldar Mahmudov və "MTN çetesi" ilə qeyri-qanuni əməkdaşlığı oldu.

Səlahiyyətlərini böyük ölçüdə itirən Kərəm Həsənov indi mövqeyini gücləndirmək üçün bəzi addımlar atmağa hazırlaşır. Bu barədə Qaynarinfo.az-a komitə sədrinə yaxın mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Kərəm Həsənovun bu yöndə atacağı ilk addım özünə məxsus media qurumunu yaratmaq olacaq. O, bununla bağlı fəaliyyətə başlayıb. Güclü bir media orqanı yaratmaq niyyətində olan sədr bunun üçün lazım olan qədər maliyyə ayırmaq və tanınmış jurnalistləri işə cəlb etmək niyyətindədir. Artıq bununla bağlı işlərə start verilib. Yaxın günlərdə media orqanının daşıyacağı ad və rəhbərlik edəcək şəxsin kimliyi açıqlanacaq.

Azərbaycanda yüksək rütbəli məmurların şəxsi media orqanının olması yenilik deyil. Bunun yaratdığı üstünlükləri görən Kərəm Həsənov da həmkarlarının təcrübələrindən yararlanmaq niyyətinə düşüb. Amma onun bu addımına hakiyyətin yuxarı dairələrinin hansı reaksiyanı verəcəyi hələ məlum deyil. 

Arqument.Az