Kərəm Həsənovun 200 min hektarlıq əməliyyatı

Kərəm Həsənovun 200 min hektarlıq əməliyyatı

08-02-2017 16:18 / Bu xəbər 1259 dəfə oxundu

Məlum olduğu kimi prezident İlham Əliyev tərəfindən ölkədə torpaqların təyinatına uyğun olaraq səmərəli istifadəsi, xüsusi ilə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə istifadəsinin, torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı müvafiq göstərişlər verilib. Həmçinin, ölkə başçısı tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin araşdırılması, qanunsuz hasarlanma hallarına yol verilməməsi xüsusilə vurğulanmış, istifadəsiz torpaqların geri alınaraq iqtisadi dövriyyəyə qaytarılması üzrə tapşırıqlar verilib.

Qaynarinfo.Az-ın Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, bu tapşırıqların operativ icrası, eləcə də ölkənin vahid torpaq fondundan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti daha da gücləndirilib, torpaq idarəçiliyi ilə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. 

Məlumata görə, indiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib: "Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülmüş və pozuntu hallarının qarşısı alınmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən indiyədək 1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir”.
Həmçinin bildirlib ki, aparılan monitorinq və torpaq reydləri nəticəsində əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq qanunvericiliyin tələbləri pozulmaqla məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, mülkiyyət sənədi olmadan torpaqlar üzərində tikinti-quraşdırma işlərinin aparılması, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub: "Eyni xamanda, həyata keçirilən tədbirlər nəticəsində əvvəlki dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən torpaqların zəbt olunması, hasarlanaraq uzun illər istifadəsiz saxlanılması və birbaşa təyinatına uyğun olmayaraq başqa məqsədlərlə istifadəsi halları müəyyən edilmişdir. 

Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb. 
Eyni zamanda respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid elektron baza yaradılıb.

Aparılan araşdırmalar nəticəsində respublikada mövcud olan özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə də məlumat bankı yaradılıb”. 

Komitə torpaqların qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqləri və qanun pozuntularına qarşı sərt tədbirləri bundan sonra da davam etdirəcək.