Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

29-03-2018 21:56 / Bu xəbər 2393 dəfə oxundu

Seymur Kazımov
 
Ünsiyyətdə olduğumuz media professorlarının demək olar ki, hamısı nəzəriyyəyə təcrübədən gəlib. Yəni uzun illər ABŞ-da və onun hüdudlarından kənarda jurnalist kimi çalışdıqdan sonra elmi və pedoqoji fəaliyyətlə məşğul olmağa üstünlük veriblər. Beləliklə, illərlə təcrübədə tətbiq etdikləri məqamları gələcək jurnalistlərə öyrədirlər. Müqayisə üçün deyə bilərik ki, Azərbaycanda jurnalistika fakültələrində dərs deyən müəllimlərin 90 faizinin peşə təcrübəsi ya çox azdır, ya da demək olar ki, yoxdur. Buna görə də bizim təhsil ocaqlarında media tədrisi daha çox nəzəriyyə əsaslıdır.

İkinci məqam pedaqoqların tədris proqramı ilə bağlıdır. Azərbaycanda Təhsil Nazirliyinin bəlli standartları var və müəllim bu qaydalara riayət etmək məcburiyyətindədir. Bir addım kənara çıxan kimi dekanın, tədris işləri üzrə prorektorun iradlarını eşitməyə məhkumsan. ABŞ-da isə jurnalistika professorunun belə bir qayğısı yoxdur. O, tədris proqramını istədiyi səviyyədə hazırlayır, auditoriya və laboratoriya tapşırıqlarını müəyyənləşdirir, zəruri bildiyi ədəbiyyat siyahısını tədqim edir. Təbii ki, ara imtahanları və yekun imtahanlar da öz yerində. Amerikada jurnalistika müəllimi hansı mütəxəssisi istəsə dərsinə dəvət edir, tələbələri hara istəsə aparır və s.

Azərbaycanda isə günün bu günündə də jurnalistika tələbələri sovet dövrünə aid ədəbiyyatdan qaynaqlanan mühazirələrə qulaq asmağa məhkumdurlar. Bu da haqlı olaraq tələbələrin etirazına səbəb olur. Bunun da məntiqi nəticəsidir ki, əksər tələbə jurnalistikanı fakültədə deyil, kənarda keçirilən təlimlərdə öyrənir. Etiraf edək ki, 4 illik bakalavr təhsilinin 2-3 ilini media tarixinə həsr etmək yolverilməzdir. Kənardan mütəxəssis dəvət olunması məsələsinin qarşısında isə o qədər bürokratik əngəllər yaradılır ki…

Digər məqam tələbənin nəzəriyyədə öyrəndiyini təcrübədə sınaqdan keçirmək imkanının məhdud olmasıdır. Doğrudur, teleradio studiyasına malik tədris ocağı da var. Amma tələbə bu imkandan yetərincə faydalana bilmir. Hazırlanan süjetlər də daha çox ali məktəb ərazisindən kənara çıxmır. Ali məktəb və fakültə qəzetlərində isə daha çox publisistik və poetik yazılar dərc olunur.

ABŞ-da dərs deyən müəllimin əmək haqqı qayğısı yoxdur. O, bir ali məktəbdə çalışır, normal maaş alır, boş zamanlarında isə elmi araşdırmalarla məşğul olur. Mühazirələri üzərində işləyir, yeni məlumatlar və bilgilər əlavə edir ki, tələbənin diqqətini cəlb edə bilsin. Kənar ali məktəblərdə və konfranslarda isə müəyyən qonorar qarşılığında çıxışlar edir.

Azərbaycanda jurnalistika müəlliminin belə imkanı yoxdur. O, ya bir neçə ali məktəbdə çalışmalı, ya da kənar fəaliyyətlə məşğul olmalıdır. Nəticədə pedaqoq öz üzərində işləyə bilmir və bu, onun tədris metodikasına, mühazirələrinin mətninə neqativ təsir göstərir. Belə olanda da tələbəni yalnız mənfi mənada təəccübləndirmək olar. Bunun nəticəsidir ki, media menecerləri jurnalistika fakültəsinin yeni məzunlarını bəyənmir, onları savadsızlıqda günahlandırır və işlə təmin etmirlər. Normalda jurnalistika fakültəsini bitirən hər kəs artıq hazır kadr olmalıdır.

Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri ilə, əsasən də ABŞ-la müqayisə edəndə deyirlər ki, ABŞ çox irəli gedib, biz isə 20 ildən bir qədər artıqdır müstəqilik. Yəni müqayisəni "qüsurlu” hesab edirlər. Halbuki qeyd etdiyimiz nümunələri Azərbaycanda çox rahatca tətbiq etmək mümkündür. Yetər ki, istək olsun.

novator.az