"Kimdən üzr istəyirlər: əhalidən, yoxsa "bu, vicdansızlıqdır" deyən İlham Əliyevdən?" - REPORTAJ

15-11-2017 00:25 / Bu xəbər 2695 dəfə oxundu

Bakıda böyük bir yaşıllıq zolağı məhv edilir. Yerində isə iri ticarət mərkəzi tikilir...  

Söhbət Nizami rayonu, Qara Qarayev prospektində ("Neftçilər” metrosu ilə "Vosmoy” bazarının arasında) yolun kənarındakı yaşıl zolaqdan gedir. 

Bu barədə sakinlər məlumat veriblər. 

Arqument.Az xəbər verir ki, sözügedən ərazi ilə Nizami Rayon İcra Hakimiyyəti arasında məsafə uzaqbaşı 100-150 metr olar. 

Ümumilikdə isə parkın metroya tərəf olan hissəsi ilə İcra Hakimiyyətini 50 metr məsafə ayırır. 

"Kimdən üzr istəyirlər: əhalidən, yoxsa "bu, vicdansızlıqdır" deyən prezident İlham Əliyevdən?"

Ərazidə, həm yolun sağında, həm də solunda iri ticarət mərkəzləri tikilir. Parkın ətrafı isə hasarlanıb və lövhədə iri hərflərlə yazılıb: "MÜVƏQQƏTİ NARAHATÇILIĞA GÖRƏ ÜZR İSTƏYİRİK".

Elə sakinlər də diqqəti buna çəkirlər: "Prezident dəfələrlə çıxışlarında bu mövzuya toxunub, deyib ki, ağacların kəsilməsi yolverilməzdir və günahkarlar cəzalandırılmalıdır. İndi anlaşılmayan budur ki, bu sözləri iri hərflərlə yazdıranlar kimdən üzr istəyirlər: əhalidən, yoxsa hər dəfə çıxışlarında: "Gecələr ağacları kəsib yerində obyekt tikirlər. Bu,yolverilməzdir, vicdansızlıqdır”, - deyən prezident İlham Əliyevdən?

Bu, həyasızlığın son həddidir. Ağacları kəs, yaşıllığı məhv elə, təbiəti cəhənnəmə çevir, sonra da üzr istəyirəm, de. Bu adamlar nə özlərinə, nə də qanunlara hörmət edirlər. Xalqı isə heç saymırlar da...". 

"Lələ köçüb, yurdu qalıb" 

"Baxın, eyni vəziyyət "Neftçilər” metrosunun çıxışında da ("Qara Qarayev” metrosuna tərəf gedən istiqamətdə) yaşanır. Nə qədər istəsəniz, şəkil çəkə bilərsiniz. Biz neçə dəfə mətbuata müraciət etmişik, heç kəs səsini çıxarmır. Elə "Neftçilər" metrosunun girişində xeyli yeni obyekt açılıb, amma əvvəllər burada sıra ilə düzülmüş küknar və şam ağacları vardı... Amma indi nə var, heç nə... Necə deyərlər: "Lələ köçüb, yurdu qalıb", - sakinlər belə deyirlər. 

Onların sözlərinə görə, məsələdən Nizami Rayon İcra Hakimiyyəti də məlumatlıdır: "Əslində, bunu görməzdən gəlmək də mümkün deyil, çünki Bakının istənilən bir rayonunda, ölkədə hər hansı bir vətəndaş öz həyətində belə, daşı-daş üstə qoyan kimi icra hakimiyyətinin məmurları, sahə müvəkkillərləri peyda olurlar. O ki qaldı bu boyda park məhv edilə, amma rayonda kiminsə məlumatı olmaya. Biz sosial şəbkələrdə və mediada məlumat yayandan sonra açıqlama da verdilər. Amma bu gün də tikinti davam edir və gecələr ağaclar kəsilir. Hətta ağaclığın içərisində də balaca obyektlər tikilir. Deyəsən, kimsə bütün parkı alıb. Bəs prezidentin dedikləri necə oldu?".

"Arif Qasımovun da xəbəri var 

Sakinlərlə söhbətimiz zamanı mediada yayılan məlumatara da etirazlar edilir. Adını çəkilməsini istəməyən və büdcədən maliyyələşən qurumlarının birində çalışan xanımın da dedikləri diqqət çəkir: 

"Sakinlərin şikayətlərinin bir çoxunu mən yazdım. Saytlara da göndərdim. Amma mediada bir qədər başqa istiqamətə yozdular problemi. Əsas məsələ isə qaldı. Deyirlər ki, bu ərazilər 2008-ci ildə keçmiş icra başçısı Mehbalı Əliyevin vaxtında satılıb. Sonra da Tahir Budaqovun zamanında qırıntılar olub. Olsun da, mən heç onları tanımıram. Mehbalı Əliyev axı  2009-cu ilin sentyabr ayında, Tahir Budaqov da 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Bəs indiki başçı Arif Qasımov niyə susur? Niyə səsini çıxarmır ki, oturduğu yerdən 50 metr aralıda böyük bir yaşıl zolaq məhv edilir? Məncə, Arif Qasımovun da bundan xəbəri var və onun icazəsi olmadan burada heç bir iş görmək mümkün deyil".

"Bir neçə gün öncə, yəni noyabrın 7-də yaşıllığın məhv edilməsi ilə bağlı sosial şəbkələrdə də məlumat da yaydıq. Sonra həmin məlumatı bir neçə media orqanı dərc etdi. Rəsmi münasibət də bildirildi, amma nəticə olmadı. Hələ bir çox media orqanları yazıları da yığışdırdılar. Maraqlıdır, niyə? İndi biz kimə inanaq?", - bunu isə Nazilə Əliyeva adlı sakin deyir. 

Ərazidə isə mülki geyimli mühafizəçilər dolaşır. Sakinlər deyirlər ki, onlar iki gündür ortaya çıxıblar, istənilən çəkilişə mane olurlar: "Yəqin, məlumatlar ictimailəşəndən sonra narahat olmağa başlayıblar".  

"Ramin Babayev adlı iş adamı da xeyli ağac kəsdirib"
 
Əsasən də küknar ağaclarının olduğu yaşıllıq hasara alınıb. Sakinlər deyirlər ki, bu ərazidə ağaclar gecələr kəsilir. Sabaha qədər bütün kəsilmiş ağaclar təmizlənir: "Ağacların kəsilməsində bir neçə nəfərin, xüsusən də Ramin Babayev adlı iş adamının adı hallanır. Amma təkcə o deyil, bu "yaşıl əməliyyat"a İcra Hakimiyyəti də nəzarət edir. Ramin Babayevın deputatlardan birinə yaxın şəxs olduğu deyilir. Hətta bizə dedilər ki, özünüzə əziyyət verməyin, nəticəsi olmayacaq". 

RİH: "Ekologiya Nazirliyi rəy verdikdən sonra tikintiyə icazə verildi"

Ərazidə çəkiliş apardıqdan və sakinləri dinlədikdən sonra Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, bu barədə mediaya açıqlama verilib. 

Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev noyabrın 7-də virtualaz.org saytına açıqlamasında Qara Qarayev prospektindəki olaya belə münasibət sərgiləyib: 

"Obyektin tikilməsinə hələ 2008-ci ildə icazə alınıb. Layihəsi 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Tikintiyə də hissə-hissə 2008-ci ildən başlanılıb. Lakin ağacların qırılmasına görə 2010-cu ildə həmin obyektin tikintisini dayandırmışdıq. Sonradan Nizami Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirildi. Ekologiya Nazirliyi rəy verdikdən sonra tikintiyə icazə verildi”.
"Metronun çıxışındakı obyektin tikintisinə bu il başlanılıb. Orada aparılan tikintiyə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verib. Nazirliyin rəyi olmadan icra hakimiyyəti yaşıllığın olduğu ərazidə obyekt tikintisinə icazə verə bilməz”, - deyə Tatlıyev rayon ərazisində tikilən digər obyektlərlə bağlı məsələyə də münasibət bildirib. 

ETSN: "Nazirlik icazə verməyib, ağac kəsənlər cərimələnib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isə RİH-in şöbə müdirinin açıqlamasını təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, Qara Qarayev prospektində tikinti aparan hüquqi şəxs qanunsuz olaraq ağacları kəsdiyi üçün 180 min manat cərimələnib. 

ETSN-in qeyd edilən ərazidə tikintinin aparılması üçün heç bir icazə vermədiyini deyən İbrahimovanın sözlərinə görə, Nizami rayonu ərazisində ("Neftçilər” metrosunun çıxışındakı ərazidə) ağacları kəsib tikinti aparan digər şirkət də nazirlik tərəfindən cərimələnib və orada tikinti aparılmasına icazə verilməyib. 

Cavabsız qalan suallar... 

Maraqlıdır, İcra Hakimiyyətinin sözçüsü israrla məsuliyyəti nazirliyin və sakinlərin dediyi kimi, 2008-ci ildə icra başçısı olmuş digər şəxsin və ya şəxslərin üzərinə atır, yəni həm ağacların kəsilməsini, həm də ərazinin satılmasını... 
 
Bir məqam da var ki, tikintiyə yekun icazəni isə rayon icra hakimiyyətləri verir. 

Sual yaranır: əgər 2008-ci ildə verilmiş bu icazə qanunsuzdursa, Nizami Rayon İcra Hakimiyyəti niyə buna göz yumur? Böyük bir yaşıl zolağın məhv edilməsi kimlərin marağına xidmət edir. Bax, cavabsız qalan bu suallardır. Sakinlər üçün də anlaşılmayan budur... 


Şəmşad Ağa
Arqument.Az