Köçkünlər: ''İndi də deyirlər, 2020-ci ilədək səbr edin''

Köçkünlər: ''İndi də deyirlər, 2020-ci ilədək səbr edin''

23-03-2018 15:55 / Bu xəbər 2416 dəfə oxundu

Binəqədi ərazisindəki qəzalı yataqxanada məskunlaşan köçkünlərin şikayəti var

"Demişdilər, prezidentin göstərişi var, 2018-ci ildə köçkünlər yataqxanalardan köçürüləcək. İndi də deyirlər, iqtisadi böhran imkan vermir, ən azı, 2020-ci ilə kimi gözləməlisiz”.

Sahibə Qurbanova 25 ildən çoxdur ki, ailəsi ilə Azərbaycan Dillər Universitetinin Binəqədi rayonu ərazisindəki yataqxanasında məskunlaşıb. Bu binada azı yüz köçkün ailəsi acınacaqlı durumda yaşayır. 25 il əvvəl valideynlərinin qucağında yataqxana qapısından keçənlər ömrün ekvator xəttinə - tən ortasına yaxınlaşmaqdadır. Ancaq onlar hələ də ailə qurmayıb. 

Səbəbindən Sahibə Qurbanova danışır: "25 il əvvəl bura qucağımızda gətirdiyimiz uşaqlar üzü yaşlanmaya doğru gedirlər. Ancaq ailə qura bilmirlər. Gəlin gətirməyə, ailə təsərrüfatını artırmağa yerimiz yoxdur. Ayıb olmasın, otaqlarda qardaş, bacı, ana, ata – hamı az qala, üst-üstə yatır. 6 kvadratlıq otağın ortasından iki pərdə çəkmişəm, otağı üç yerə bölmüşəm, bir tərəfində oğlumla gəlinim yatır, bir tərəfində yoldaşım, bir tərəfində də qızımla mən… Qızımın 21 yaşı var. Ali məktəbdə oxuyur. Kitablarını həyətdə düzəltdiyimiz yerə yığmışdıq, hamısı suyun altında qaldı”.

50 yaşlı bina 1990-cı illərin əvvəlinədək Azərbaycan Dillər Universitetinin (o vaxtkı Xarici Dillər Universiteti) yataqxanası kimi fəaliyyət göstərib. Sonradan işğal olunmuş bir neçə rayondan Bakıya gələn məcburi köçkünlər bu binada məskunlaşıblar. Burada ən geniş otağın sahəsi 6 kvadratmetrdir. Köçkünlər əsasən 3, 4 kvadratmetr sahəsi olan otaqlarda yaşayırlar. Hər otaqda azı 4-6 nəfərlik ailələr məskunlaşıb.

"Məmur öz mal-heyvanını da belə xarabalıqda saxlamaz. Bəs görəsən, bizi niyə 25 ildir bu uçuq, sökük binada saxlayırlar?” – bu sualı isə köçkün Zəminə Əliyeva verir. Zəminə xanım 25 ildir ki, iki oğlu və bir qızıyla burada məskunlaşıb. Deyir, uçuq-dağıq binada həyat sürmək köçkünləri cana yığıb.

Bir müddət əvvəl köçkünlər yolu bağlayaraq yataqxana binasının ya təmirini, ya da başqa yerə köçürülmələrini tələb ediblər. Nəticədə binada bəzi kosmetik təmir işləri aparılıb. Zəminə xanım: 

"O vaxt bizi sakitləşdirmək üçün yalandan ora-bura suvaq çəkdilər, getdilər. Onlar gedəndən sonra suvaqlar da qopub töküldü. Halbuki, bina başımıza uçur. Yuxarı mərtəbədəki tualetdən düz yatdığımız yerə divardan sidik süzülüb gəlir. Bir əlacımız qalıb, çıxaq biz də şəhərin ortasında bir-iki çadır quraq ki, bəlkə prezidentin diqqətini çəkdik”.

Binadakı kommunikasiya xətləri çoxan sıradan çıxıb. İşıq xətləri qəzalı vəziyyətdədir. Kanalizasiya xətləri isə ümumiyyətlə, işləmir. Rütubət, zirzəmiyə yığılan çirkab su əsasən qocaların və uşaqların sağlamlığına təhkülə yaradır. Bir neçə ailənin azyaşlı üzvü sağalmaz xəstəliyə tutulub. Köçkün sözünə davam edir: 

"Hamam yox, tualet pis vəziyyətdə, mətbəx də həmçinin... Hansını deyəsən? Divarlardakı çatlar adamın üstünə gəlir. Uşaqlar astma xəstəliyi ilə doğulur. Xəstəlik baş alıb gedir. Kiminin ürəyi qubarlayır, kiminin böyrəkləri əldən gedir…”

Köçkünlər deyir, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri bir neçə dəfə yataqxanaya gəliblər. Köçkülərə səbrli olmağı tövsiyə edib gediblər. 

Binəqədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, binanın əsaslı təmirə ehtiyac var. Köçkünlər bir müddətlik başqa yerə daşınmalıdılar ki, orada əsaslı təmir işləri başlansın:

"Üstəlik də, prezidentin tapşırığı, yaxın gələcəkdə inşa olunacaq köçkün şəhərciklərinə yataqxanalarda məskunlaşmış köçkünlərin yerləşdirilməsi nəzərdə tutulub. Ola bilsin ki, bu yataqxana da həmin siyahıya düşdü", - qurumdan bildirilib.